BAKI, 13 dekabr — Sputnik. Türkiyədə məşhur müğənninin həbs edilməsi tələb edilir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni Zühal Olcay prezident Ərdoğanı təhqir etməkdə ittiham olunur.
Anadolu Baş Prokurorluğu Mətbuat Cinayətləri İstintaq İdarəsində hazırlanan iddianaməyə görə, 155 xəbərdarlıq xəttinə zəng edən naməlum şəxs Zühal Olcayın 5 avqust 2016-cı ildə Kadıköydə mahnı oxuyarkən prezident Ərdoğanın ünvanına təhqir kimi əli ilə işarə göstərdiyini bildirib.
Bundan sonra müğənni haqqında cinayət işi açılıb.
İddianaməyə görə, videogörüntülər araşdırılarkən Zühal Olcayın "Boş vermişim dünyayı" adlı mahnıya uyğun şəkildə "Rəcəp Tayib Ərdoğan, hamısı boş, hamısı yalan, bir gün həyat bitəcək deyərsən, görmüşəm yuxu" deməsi və eyni zamanda əli ilə işarə edərək izləyici kütləsinə göstərməsi qeyd edilib. O da vurğulanıb ki, Olcay bu hərəkəti dəfələrlə təkrar edib. İddianamə çərçivəsində izahat verən müğənni bildirib ki, mahnını prezident Ərdoğan üçün uyğunlaşdırıb. Prezidentin adı 3 sözdən ibarət olduğu üçün bunu etdiyini, qərəzli mövqeyi olmadığını və əl işarəsini ona söz atanlara göstərdiyini deyib.
İddianaməyə görə, Olcay "prezidentə qəsdən təhqir" maddəsi ilə 1 il 2 aydan, 4 il 8 aya qədər həbs edilə bilər. Yaxın günlərdə müğənninin məhkəməsi olacaq.
Xatırladaq ki, Zühal Ocay 1957-ci ildə anadan olub və 1983-cü ildən sənətdədir.