Söhrab İsmayıl, Sputnik Azərbaycan
(Qazi Universitetinin magistrantı)
BAKI, 13 dekabr — Sputnik. Bir neçə gündür ki, vətəndaşlarımız müxtəlif platformalarda, sosial şəbəkələrdə Trampın Qüdslə bağlı qərarına münasibət bildirirlər. Müşahidələrim əsasında bu münasibətləri bir neçə qrupa bölmək istəyirəm:
1. Fələstinin müxtəlif dövrlərdə ASALA-ya etdiyi yardımları və torpaqlarımız uğrunda canını fəda edən yəhudi əsilli vətəndaşlarımızı, eyni zamanda İsrail-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını əsas gətirərək bu qərara Azərbaycanın dəstək verməsini istəyənlər;
2. Ərəblərə və İslama qarşı antipatiyadan dolayı bu qərarı dəstəkləyənlər;
3. Trampın bu qərarının beynəlxalq hüquqa zidd olduğunu müdafiə edənlər.
Hər şeydən öncə qeyd etmək istəyirəm ki, Azərbaycan beynəlxalq aləmin bir subyektidir və beynəlxalq hüquqa görə üzərinə götürdüyü öhdəliklər var. Eyni zamanda bütün dövlətlərin heç bir ön şərt olmadan əməl etməli olduğu imperativ normalar var.
Əlbəttə, Fələstinin fərqli vaxtlarda ASALA-ya göstərdiyi yardımlar, Osmanlının son dövründə olan hadisələr və digər neqativ hallar unudulmamalıdır. Çünki bu kimi faktlar tarixi yaddaşın əsas elementləridir və tarixi yaddaşa sahib olmayan millətlər, xalqlar həmişə tarix səhifəsində məğlub olaraq qalmağa məhkumdur.
Ancaq unutmamaq lazımdır ki, Azərbaycan bir Türk dövləti olmaqla bərabər, həm də İslam dünyasının bir parçasıdır. Ölkəmizdə bu dinə mənsub milyonlarla insan var. Bu səbəbdən hər məsələdə günahı İslam dininin üzərinə atmağı düzgün hesab etmirəm və bunu edənlər İslam dininə inanmasa belə, xalqın dini hisslərinə hörmətlə yanaşmalıdırlar. Çünki bizim dövlət və millət olma fəlsəfəmizin əsasları şanlı bayrağımızın rənglərində "Türklük, müasirlik və müsəlmanlıq" olaraq öz əksini tapıb.
Yəhudilərlə bağlı məsələyə gəldikdə isə, Vətənimizin bütövlüyü uğrunda canını fəda edən yəhudi qardaşlarımız bizim başımızın tacıdır və xatirələrini yaşatmaq boynumuzun borcudur. Azərbaycan dövləti qarşılıqlı mənfəət əsasında İsraillə də münasibətlərini inkişaf etdirməlidir.
Əsas problem və bunun gətirdiyi təhlükə nədir?
Sözügedən mövzu ilə bağlı ən əsas məsələ burda beynəlxalq hüququn prinsiplərinin heçə sayılmasıdır. Belə ki, 1967-ci ildə baş verən 6 günlük müharibədən sonra, 22 noyabrda BMT Təhlükəsizlik Şurası münaqişəylə bağlı 242 saylı qətnaməni qəbul etdi. Qərara görə, İsrail müharibə zamanı işğal etdiyi torpaqlardan çəkilməyi qəbul etmişdi.
Azərbaycan da Fələstinin müstəqilliyini və ərazi bütövlüyünü bu qətnamənin şərtləri əsasında tanıyıb. Qeyd etmək yerinə düşər ki, BMT Baş Assambleyasının qətnamələri tövsiyə xarakteri daşısa da, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi məcburi xarakter daşıyır.
ABŞ da Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən biridir. Tramp əslində bu açıqlaması ilə BMT TŞ-nin qərarlarına, təşkilata üzv olan 194 dövlətə və Fələstinin müstəqilliyini tanıyan 137 dövlətə qarşı hörmətsizlik edib, Yaxın Şərq bölgəsini yenidən atəşin içinə sürükləyib.
Digər tərəfdən Trampın Qüdslə bağlı qərarını İraqın baş naziri İbadinin ölkənin İŞİD terrorçularından tamamən təmizlənməsi ilə bağlı açıqlamasından 3 gün öncə verdiyini nəzərə alsaq, bunun heç də təsadüfi olmadığını görərik. Bu qərar bölgəni nəzarətdə saxlamaq üçün yeni bir oyundur. Təhlükə isə belə özbaşına fəaliyyətlərin beynəlxalq aləmdə getdikcə adət halına çevrilməsidir.
Azərbaycanın mövqeyi necə olmalıdır?
Unutmayaq ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var və bu qətnamələr Azərbaycanın münaqişədə haqlı olduğunu göstərən əsas sənədlərdir. Trampın atdığı bu addım beynəlxalq hüquqa tamamən ziddir və bütün sivil ölkələr, həmçinin Azərbaycan buna qarşı olmalıdır. Çünki bunun mütəmadi xarakter alması çox təhlükəlidir və milli təhlükəsizlik maraqlarımıza zərbədir.
Bir anlıq düşünək ki, Azərbaycan Trampın bu qərarına dəstək verir və sabah Trampa erməni lobbisi nəyisə vəd edir və ya Trampın kefi elə istəyir deyə, BMT-nin qətnamələrini heçə sayıb işğal olunmuş ərazilərimizi Ermənistan ərazisi olaraq tanıyır. Belə olduğu təqdirdə, Azərbaycan bu haqsızlığa qarşı səssiz qalmağa məcbur olacaq, çünki əvvəldən Trampın Qüdslə bağlı qərarını örnək gətirib, buna qarşı çıxmadığımızı fakt olaraq önümüzə qoyacaqlar.
Ölkəmizdə "Tramp düz edib" deyənlərin fikirlərinə qətiyyən qatılmıram və buna qarşıyam. Fikrimcə, bunun nə yolla olursa olsun, "Bacarana baş qurban" prinsipi ilə yaşamaqdan heç bir fərqi yoxdur. `
Azərbaycan BMT TŞ-nin 1967-ci il qətnaməsini dəstəkləməyə davam etməli və mövqeyini bu istiqamətdə sərgiləməlidir. Çünki bu məsələ nə Mahmud Abbas, nə də Yasir Ərəfat məsələsidir. Üç səmavi dinin mərkəzi olan Qüdsün beynəlxalq statusu ölkələrin ərazi bütövlüyü əsasında qorunmalı və fərqli dinlərə mənsub insanların öz inanclarıni sərbəst şəkildə yaşamaları üçün hər cür şərait yaradılmalıdır.