BAKI, 13 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi Humay Cəfərovanın rəhbərliyi ilə "Gənclərin ekoloji təhsili" adlı layihə icra olunur. Layihə haqqında məlumat verən Humay Cəfərova bildirir ki, ilk dəfədir belə bir müsabiqədə qalib gəlib layihəyə rəhbərlik edir: "Layihənin məqsədi gənclərin ekoloji təhsilinin artırılmasına dəstək olmaqla cəmiyyətin diqqətini təmiz ekoloji mühitlə bağlı problemlərin həllinə yönəltməkdir.
Dünyanın əksər ekoloqları hesab edir ki, əhalinin ekoloji təhlükəsizliyinin təmin olunması üzrə hiss olunacaq pozitiv nəticələrə yalnız dövlətin, ictimai təşkilatların, fəal ictimai vətəndaşların birgə səyi ilə ekoloji təhsili yüksəltməklə nail olmaq mümkündür. Müasir dövrün elmi mənzərəsinin dünyagörüşü və aspektləri ekoloji təhsilin inkişafından çox asılı olduğu səbəbindən bu mövzuya müraciət etmişəm.
Hazırda ətraf mühitin ekoloji vəziyyəti cəmiyyətdə haqlı narahatlıqlar doğurur. Yeni reallığın çağırışına ən layiqli cavab dünyanın yeni elmi mənzərəsinin təşəkkülü kontekstində ekoloji təhsilin inkişafıdır. Çünki ekologiya dünyanın elmi mənzərəsinin lideri kimi təşəkkül tapmaqdadır, ekoloji təhsil isə bütövlükdə təhsilə münasibətdə önəmli və sistem yaradıcı rol oynamaqdadır. Bəzən gənclər ekoloji problemlərin yaratdığı fəsadlardan ciddi əziyyət çəkirlər. Bunun səbəbi isə onların ekoloji mühitdə baş verənlərin səbəbləri və acı nəticələri barədə kifayət qədər məlumatlı olmamalarıdır.
Tədbirlərimiz zamanı gənclərin müzakirə olunan mövzuya sonsuz marağı, diskussiyalarda aktiv iştirakı, ekoloji təhsilin təbliği ilə bağlı təklif və təşəbbüsləri problemin aktual olduğunu təsdiq edir. Hər bir problemin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulmasının böyük önəm daşıdığını nəzərə alaraq gənclərin ekoloji təhsilinin təbliq olunması məqsədilə bu layihəni təklif etmişəm. Bizim layihə çərçivəsində hədəfimiz həm də ekoloji mədəniyyəti formalaşmış, sağlam ekoloji düşüncə prinsiplərinə yiyələnmiş, ətraf mühitdə baş verən təbiət hadisələrinin qarşılıqlı əlaqəsini dərk edən, öz ekoloji davranışına görə cəmiyyət qarşısında məsuliyyət hissinə malik olan gənclərin artmasına dəstək olmaqdır".