BAKI, 12 dekabr — Sputnik. İran prezidenti Həsən Ruhani Fələstindəki siyasi partiyalara çağırış edib. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Ruhani Fələstindəki siyasi qüvvələri Qüds xatirinə birləşməyə çağırıb.
O, bu barədə HƏMAS təşkilatının rəhbəri İsmail Həniyyə ilə telefon danışığında bildirib: "Bu şərtlər altında Fələstindəki siyasi quruluşlar, bütün müsəlman aləmi oyanıq olmalıdır. Siyonistlərin planlarına qarşı güclü cavab verilməlidir. Qüdslə bağlı verilən qərar ABŞ və İsrailin əsl üzünü bir daha nümayiş etdirdi".
İranın dövlət başçısı sonda qeyd edib ki, fələstinlilər qanuni haqqlarını əldə edənə qədər müqavimət davam edəcək. Öz növbəsində HƏMAS lideri Həniyyə müsəlman dövlətlərini dekabrın 13-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı zirvəsində Fələstin xalqına dəstək verən ciddi qərar qəbul etməyə səsləyib.