BAKI, 12 dekabr — Sputnik. Qidaların insanın psixi vəziyyətinə müxtəlif təsirləri müəyyənləşib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Amerikalı alimlər qidaların müxtəlif yaşlı insanlara müxtəlif formada təsir etdiyini sübut ediblər.
Dünyanın müxtəlif ölkələrində yaşayan müxtəlif yaşlı insanlar araşdırma çərçivəsində onlayn sorğuya cavab verərək hansı qidalardan sonra hansı hissləri keçirdiklərini, psixi vəziyyətləri ilə bağlı vəziyyətlərini təsvir ediblər.
Alimlər nəticələrə uyğun olaraq belə qənaətə gəliblər ki, 18-29 yaşlı insanların ət və ət məhsulları yedikləri zaman psixi vəziyyətləri yaxşılaşır. Ət məhsulları qəbul edilən zaman beyində serotonin və dofamin yaranır ki, bu da həmin yaşda insanların əhvalına təsir edir.
30 yaşından böyük şəxslərin isə daha çox tərkibində antioksidant olan məhsullara – qırmızı şərab, yaşıl çay və s. qarşı daha həssas olduqları müəyyən edilib.
Bir tərəfdən, belə qidalar oksidantların təsirini neytrallaşdırır. Çünki 30 yaşından sonra insanlarda ruhi xəstəliklərə səbəb ola bilən oksidantların sayı artır. Digər tərəfdən isə belə məhsullar stressə səbəb olur.
Xatırladaq ki, daha əvvəl Britaniyalı alimlər müəyyən etmişdi ki, nar, qırmızı üzüm, göbələk və mərcimək zədələnmiş hüceyrələrin yenilənməsinə səbəb olur. Onların vasitəsilə ilə bir sıra xəstəlikləri, o cümlədən xərçəngi müalicə etmək olar.