BAKI, 11 dekabr — Sputnik. Bu gün Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili həbs qətimkan tədbirinin seçilməsi üçün Kiyevin Peçerski məhkəməsinə gətirilib. Sputnik Azərbaycan Mixail Saakaşvilinin "Facebook" səhifəsinə istinadla xəbər verir ki, hazırda onun tərəfdarları və KİV məhkəmə binasına toplaşıb.
Baş Prokurorluq siyasətçinin ev dustaqlığı barədə vəsatət qaldırmaq niyyətindədir. Saakaşvilinin tərəfdarı David Sakvarelidze öz "Facebook" səhifəsində keçmiş qubernatorun tərəfdarlarını onu dəstəkləmək üçün küçələrə çıxmağa çağırıb.
Saakaşvili Ukraynada cinayətkar təşkilatların fəaliyyətini gizlətməkdə və üzvlərinə yardım etməkdə şübhəli bilinir. Baş Prokurorluğun iddiasına görə, Saakaşvili tərəfdarlarının Ukrayna paytaxtında təşkil etdikləri aksiyaları keçmiş prezident Viktor Yanukoviçin ətrafı maliyyələşdirib.
Ötən həftə siyasətçinin Kiyevdəki mənzilində axtarış aparılandan sonra onun saxlanılmasına cəhd edilib. Lakin Saakaşvilinin tərəfdarları onu güc strukturlarının əlindən ala biliblər.
O, yalnız dekabrın 8-də saxlanılıb. Keçmiş qubernator Ukrayna Təhlükəsizlik Xidmətinin təcridxanasına yerləşdirilib və orada müddətsiz aclıq aksiyasına başlayıb.
Ötən gün Saakaşvili tərəfdarları Kiyevin mərkəzinə toplaşaraq siyasətçiyə azadlıq, hazırkı prezident Pyotr Poroşenkonun isə impiçmentini tələb ediblər.