BAKI, 11 dekabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində, Pirallahı rayonunun Pirallahı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda deyilir: "Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası sayəsində regionlarda, paytaxt və qəsəbələrdə mühüm infrastruktur layihələri reallaşdırılmış, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almışdır.
Bu tədbirlərin davamı olaraq, Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsində diametri 110 mm, uzunluğu 13,0 km, Türkan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 8,1 km olan paylayıcı su şəbəkəsinin, habelə Pirallahı rayonunun Pirallahı qəsəbəsində diametrləri 530-800 mm, uzunluğu 6,8 km olan magistral su kəmərinin və diametrləri 110-280 mm, uzunluğu 10,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhəri Xəzər rayonunun Zirə, Türkan və Pirallahı rayonunun Pirallahı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,83 milyon (beş milyon səkkiz yüz otuz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".