BAKI, 11 dekabr — Sputnik. Evlənmək istəyənlərin 422-də sifilis, 103-də QİÇS tapıldı.
Bu il ərzində nikaha daxil olmaq üçün 127173 nəfər müayinədən keçib ki, onların 13794 nəfərində talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 şəxsdə isə QİÇS tapılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, bu il ailə həyatı qurmaq istəyən 38 cütlükdə talassemiya daşıyıcılığı aşkar edilib.
Z.Əlimirzəyeva qeyd edib ki, noyabr ayında 10738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib. Müayinədən keçənlərin 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.
İnstitut direktoru əlavə edib ki, bu müddət ərzində 23 hamilə qadında prenatal müayinə aparılıb: "Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam olub".