BAKI, 11 dekabr — Sputnik. Bakıda fəaliyyət göstərən 17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Dəyişiklik edilməsinə səbəb marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 17 nömrəli marşruta aid avtobusların gündəlik xətdə olarkən təsdiq edilmiş hərəkət sxeminə uyğun fəaliyyət göstərmədiyi və hərəkətin intensiv olduğu küçə və prospektlərdə geridönmə manevri edərkən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması müəyyən edilib.
Bununla yanaşı, sərnişinlərdən 17 nömrəli marşrut xətti ilə bağlı "141" Çağrı Mərkəzinə çoxsaylı şikayətlər daxil olub. Qeyd edilən nöqsanlar barədə BNA tərəfindən dəfələrlə marşrutun daşıyıcısına rəsmi və şifahi xəbərdarlıq olunub, o cümlədən "141 Çağrı Mərkəzi"nə daxil olan şikayətlər daşıyıcının elektron ünvanına göndərilsə də, daşıyıcı tərəfindən heç bir ciddi tədbir görülməyib.
Bunları nəzərə alaraq 17 nömrəli müntəzəm marşrut xətti üzrə "BakuBus" MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar Bakı sakinlərinə xidmət edəcək. Dəyişiklik 16.12.2017 tarixdən qüvvəyə minəcək.
Qeyd edək ki, bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 20 olacaq.