BAKI, 11 dekabr — Sputnik. "Bakı Metropoliteni" QSC-nin yeni metro stansiyalarının tikintisi ilə məşğul olan Tikinti Departamentində iş həcmi azaldığından işçilər işdən azad edilir. Bununla bir neçə işçi razılaşmayıb və etiraz edib.
Məsələyə aydınlıq gətirmək üçün Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə müraciət etdik. Nəsimi Paşayev Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, qarşılıqlı razılaşma əsasında işçilər vəzifələrindən azad edilir: "İşçilərə qurum tərəfindən təklif olunub ki, onlara orta aylıq əmək haqqının 2 misli qədər kompensasiya ödənilsin və qarşılıqlı razılaşma əsasında işdən azad edilsinlər, özlərinə iş tapana qədər əllərində pul olsun. Gələcəkdə iş həcmi artarsa, yeni stansiyaların inşasına başlanarsa, yenə həmin adamlar işlə təmin ediləcək. Artıq 50 nəfər buna razı olub və kompensasiyasını alaraq işdən gedib".
Buna baxmayaraq, metropolitenin təklifi ilə razılaşmayanlar da az deyil. N.Paşayev bildirib ki, onların sayı təxminən 10 nəfərdir: "Bu adamlar təklifi qəbul etmək istəmir və qanunvericiliyə uyğun olaraq ştatda qala bilərlər. Amma onlara maaş ödənilməyəcək. Onu da deyim ki, bu, tarixən həmişə belə olub. Maliyyə vəsaiti azalanda metro tikintisində iştirak edən işçilərə bu təklif edilir, çünki iş yoxdur".
Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, bu məsələdə işçilərin sosial vəziyyəti nəzərə alınır: "Şəhid ailələrinə, məcburi köçkünlərə xüsusi yanaşılır. Həmçinin əgər bir ailədən iki nəfər varsa, bunlardan biri işdə saxlanılır".