BAKI, 10 dekabr — Sputnik. Amerikanın Arizona ştatının Mesa şəhərinin polis departamenti silahsız şəxsin güllələnməsinin videoyazısını dərc edib. Sputnik Azərbaycan "CBS News"-ə istinadən xəbər verir ki, insident 2016-cı ilin yanvarında baş versə də, video məhkəmə çəkişməsi başa çatandan sonra yayımlanıb.
Əməliyyat oteldə baş verib. Pəncərədə silahlı şəxsi görənlər polis çağırıblar. Polislər otelə gələrək şübhəli şəxsi görüblər və avtomatları ona tuşlayaraq müxtəlif komandalar verməyə başlayıblar. Şübhəli şəxs 4 dəqiqə ərzində əmrə tabe olub və polislərdən onu vurmamağı xahiş edib. Sonra o, diz üstə polislərə tərəf iməkləyib və nədənsə əlini belinə tərəf aparıb. Bu zaman Filip Breylsford adlı zabit onu güllələyib.
Sonradan məlum olub ki, öldürülən şəxsin üstündə silah olmayıb, onun nömrəsindəki silahlar isə pnevmatik tüfənglərdir. Breylsford məhkəmə zamanı bəyan edib ki, şübhəli şəxs əlini belinə tərəf aparanda, onun silah çıxartmaq istədiyinə 100 faiz əmin olub. O, analoji vəziyyətdə yenə belə qərar qəbul edəcəyini deyib. Dekabrın 7-də keçirilən iclasda andlılar məhkəməsi onun barəsində bəraət hökmü çıxarıb.