BAKI, 9 dekabr — Sputnik. Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili müddətsiz aclığa başladığını elan edib. Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu haqda onun vəkili Ruslan Çernolutski Saakaşvilini ziyarət edəndən sonra məlumat verib.
Eks-prezident Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur. Prokurorluq onun qoluna elektron bilərzik taxılmaqla ev dustağı kimi saxlanılmasını istəyir.
Saxlanılması ilə razılaşmayan Saakaşvili aclıq elan edib. O, məcburi yedirdilməkdən də imtina edir. Vəkil bildirib ki, əgər eks-prezidentin barəsində 60 günlük həbs qərarı verilsə, Saakaşvili “sərt şəkildə” aclıq aksiyasını davam etdirəcək.
Vəkilin sözlərinə görə, Saakaşvili özünü normal hiss edir: “Tutulandan sonra həkim onu müayinə edib və aydın olub ki, ona soyuq dəyib".
Çernolutskiy onu da qeyd edib ki, keçmiş qubernator dostunun evində müalicə alan zaman həbs olunub.