CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çoxu onu başqa yerdə axtarırdı, amma Lənkəranda tapıldı

© Sputnik / Yevgeniya Novozhenina / Mediabanka keçidArxeoloji tapıntılar, arxiv şəkli
Arxeoloji tapıntılar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şöbə müdirinin sözlərinə görə, tapıntılar arasında Səlcuq sultanlarının, Atabəylərin, o cümlədən onların məliklərinin də sikkələri mövcuddur

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 dekabr — Sputnik. Lənkəranda XI-XII əsrlərə aid 150-yə yaxın mis sikkə aşkar edilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Məlumata görə, dirhəm və fəlslərdən ibarət qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkar olunub və metaltoplama məntəqələrinə təhvil verilib.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinin müdiri Mais Cəfərov bu barədə məlumat verərək deyib ki, metal əşyalar qəbul olunan məntəqədə bu pullar təsadüfən əldə edilib: "Pulları təmizlədikdən sonra isə onların mis sikkə olduqları və Atabəylər dövrünə aid edildikləri məlum oldu. Dirhəmlərin üzərində "La İlahə İləllah, Muhəmmədən RəsulAllah" və 4 rəşidi xəlifələrin adı qeyd olunub. Arxa tərəfində isə zərb olunan il, şəhərin və Atabəy Eldəgəzin adları həkk olunub. Bu, onu sübut edir ki, sikkələr Atabəylər dövlətinə məxsusdur".

Şöbə müdirinin sözlərinə görə, tapıntılar arasında Səlcuq sultanlarının, Atabəylərin, o cümlədən onların məliklərinin də sikkələri mövcuddur:

"Dəfinə qədim dövlətçilik tariximizin öyrənilməsi, Atabəylər dövlətinin əmtəə-pul münasibətlərinin araşdırlması baxımından xüsusi əhəmiyyət daşıyır. Aşkarlanmış son tapıntı bir daha sübut edir ki, XI-XII əsrlərin ticarət şəbəkəsi olan tarixi İpək Yolunun şaxələrindən biri Cənub-Şərq bölgəsindən keçib".

Yeni tapıntıların əhəmiyyətliliyi nəzərə alınaraq ilk dəfə Cənub-Şərq zonasının numizmatik xəritəsinin yaradılacağını deyən M.Cəfərov bildirib ki, aşkar edilmiş sikkələrin kataloqu yaradılaraq elmi ictimaiyyətə təqdim olunacaq. Arxeoloq, həmçinin ölkəmizin cənub bölgəsində numizmatika muzeyinin təşkil edilməsinin də nəzərdə tutulduğunu söyləyib.

Qeyd edək ki, 2013-cü ildə cənub bölgəsində aşkarlanan Kirman Atabəylərinin qızıl sikkələri hazırda AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin Numizmatika və epiqrafika şöbəsində saxlanılır.

Xəbər lenti
0