BAKI, 7 dekabr — Sputnik. Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər keçirilib.
Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 6 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi (Anjey Kaspişik) ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlər keçirib.
Sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflər üzrə intensiv və konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, intensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin.
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçirildiyini bildirib.