Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 7 dekabr — Sputnik. Dünən günorta saatlarından yağmağa başlayan qar şimal rayonlarımızda fəsadlara yol açıb. Quba və Xızı rayon əhalisinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, havanın tempraturu mənfi 6-8 dərəcə aşağı düşüb.
Qubanın Xınalıq kəndində qarın hündürlüyü 40 sm-ə çatır. Bu səbəbdən rayon mərkəzinə gedən yol bağlanıb, rayon ilə nəqliyyat əlaqəsi kəsilib. Elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.
Hal-hazırda Xınalıq yolunun qardan təmizlənməsi üzrə işlər aparılır.
Eyni vəziyyət Xızının Altıağac qəsəbəsində və Şabranın Qızılqazma kəndində də baş verib.Qarın çox yağdığından rayonla gediş-gəliş çətinləşib.
Onu da qeyd edək ki, bu gecə ən çox qar məhz şimal bölgəsinə yağıb. Qar örtüyünün hündürlüyü təxminən Şahdağda 33, Xınalıqda 40, Ləzə və Təngaltında 20, Xızıda 25, Altıağacda 35, Şabranın Qızılqazma kəndində isə 15-20 sm olub.