İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 6 dekabr — Sputnik. Bu gün yolum Xətai rayonunda "Həzi Aslanov" metrostansiyasının ərazisindən düşmüşdü. Məhəmməd Hadi küçəsində qalaqlanmış zibil qutularını görəndə şəklini çəkməyə başladım. Ərazi sakinləri yaxınlaşıb, ümidsizcəsinə "Nə qədər çəkirsən çək, heç nə olan deyil" dedilər.
Onların sözlərinə görə, dəfələrlə ərazidə zibil qalaqlandığına görə müvafiq qurumlara müraciət edilib. Amma təəssüf olsun ki, bu günə kimi heç bir nəticəsi olmayıb. Ərazidəki zibil həftədən, 10 gündən bir təmizlənir.
Sakinlərin iddialarına görə, ərazidəki binalar TİKMAK adlanan şirkətə məxsusdur. Binaların qarşısındakı zibil qutularına isə təkcə bina sakinləri tərəfindən yox, ətraf mağazaların və yaşayış evlərinin zibili də atılır. Təmizləyən isə, demək olar ki, yoxdur.
"Həftədə, 10 gündə, ayda bir dəfə kiminsə yadına düşəndə zibil təmizlənir. Başqa vaxt burada zibil əlindən tərpənmək olmur. Bir balaca külək olan kimi zibil ətrafa səpələnir" — sakinlər bildirirlər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə əlaqə saxladıq. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məsələ ilə tanış olduqdan sonra əraziyə nazirliyin əməkdaşları göndərildi.
Raqub Mirzəyevin sözlərinə görə, Məhəmməd Hadi küçəsi 70, 72, 74, 76 ünvanlarında zibil qalaqları təmizlənir: "Əraziyə nəzarət edən komendanta isə protokol tərtib edilib. Fiziki şəxs Talıblı İsa Xəlil oğlu üçün İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokol tərtib edilib. Şəxs 500-800 manat məbləğində cərimə edilib. Hazırda ərazidə təmizlik işləri gedir".