BAKI, 6 dekabr — Sputnik. "Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması düzgün addım deyildi. Nəticədə NATO ilə gərginlik yarandı".
Sputnik Azərbaycan T24-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Almaniyanın yüksək tirajlı "Deutsche Welle" qəzetinə danışıb. Türkiyə prezidenti Ərdoğanın ABŞ əleyhinə son çıxışlarını dəyərləndirən Rasmussen, "Türkiyə Amerika ilə əlaqələrin pisləşməsindən narahat olmalıdır" deyib.
"Cənab Ərdoğanın Qərb ölkələri, xüsusilə də ABŞ əleyhinə işlətdiyi ifadələr NATO-dakı müttəfiqliyə ciddi ziyan vurur. Qərbi Türkiyənin düşməni kimi göstərmək doğru deyil" — Rasmussen bildirib.
"Alyansa üzv dövlətlər Türkiyədəki daxili siyasi vəziyyətdən ciddi narahatdır və bu, normal qarşılanmalıdır. Türkiyə üçün NATO-dan başqa alternativ yoxdur. Başqa heç bir ittifaq NATO qədər Türkiyənin təhlükəsizliyinə zəmanət verə bilməz" — keçmiş baş katib vurğulayıb.
Anders Foq Rasmussenin ABŞ-ın PKK terror təşkilatının Suriyadakı qolu PYD-yə böyük miqdarda silah göndərməsinə və İŞİD terrorçuları ilə əlaqələrinə münasibət bildirməməsi isə diqqət çəkib.
Qeyd edək ki, rəsmi Ankara Vaşinqtonu PYD-yə silah göndərməməsi üçün dəfələrlə xəbərdar etsə də, ABŞ bu davranışından geri çəkilmir. Son olaraq prezident Ərdoğan ABŞ-ı xəyanətkar adlandırmışdı.
"Bizə hər cür xəyanəti edən bir müttəfiqlə özümüzə necə bir gələcək qura bilərik? Bu günə qədər dost qəbul etdiyimiz qüvvələrə zərər verməmək üçün çox diqqətli olduq. Bunun davamı bizim heysiyyətimizə toxunmamaları şərti ilə mümkündür. Bizi Amerikada çarmıxa çəkməyə cəhd edənlərin, burnumuzun dibində terrorçu dövləti qurmaq istəklərinə əli-qolu bağlı tamaşa edəsi deyilik" — Ərdoğan bəyan etmişdi.