BAKI, 6 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Putin bunu bu gün QAZ zavodunun işçiləri ilə görüşdə bəyan edib: "Bunu elan etmək üçün daha yaxşı yer və daha yaxşı fürsət yəqin ki yoxdur. Dəstəyinizə görə sizə təşəkkür edirəm. Mən Rusiya prezidentliyinə öz namizədliyimi irəli sürəcəm". Bu bəyanatdan sonra zavodun işçiləri prezidenti hərarətlə alqışlayıblar və ona öz dəstəklərini ifadə ediblər.
"Bu reaksiyaya görə sağ olun, hər şeydən üstün olan əməyinizə görə minnətdaram. İşinizə, müəssisənizə, şəhərinizə, ölkənizə olan münasibətə görə çox sağ olun! Əminəm ki, sizdə hər şey alınacaq" — deyə Putin əlavə edib.
Qeyd edək ki, Rusiya prezidenti bundan əvvəl "İlin könüllüsü" mükafatının təqdimetmə mərasimində prezidentliyə namizəd olacağına işarə etmişdi. Putindən mükafat alan Maksim Tokarev adlı könüllü "Rusiya könüllüləri 2017" mükafatının təqdimetmə mərasimində prezidentə "Siz 2018-ci ildə keçiriləcək prezident seçkilərində mübarizə aparacaqsınızmı?" sualını ünvanlayıb. Onun sualı zala toplaşan könüllülər tərəfindən coşqu ilə qarşılanıb.
Putin bu suala belə cavab verib: "Bilirsiz, bu, istənilən insan üçün çox məsuliyyətli qərardır".
Rusiya prezidenti əlavə edib ki, bu cür qərarlar yalnız xalqın güzəranını yaxşılaşdırmaq, ölkəni daha çox güclü etmək, müdafiəsini möhkəmləndirmək və gələcəyə istiqamətləndirmək məqsədilə verilir: "Bu məqsədlərə isə yalnız bu şərtlər altında çatmaq mümkündür: əgər insanlar etibar edirlərsə və dəstəkləyirlərsə. Siz aparıcı vasitəsilə mənə belə bir sual verdiniz. Mənim bununla əlaqədar olaraq sizə sualım var: Əgər mən belə bir qərar qəbul eləsəm, siz və sizə yaxın insanlar bu qərarı dəstəkləyəcəksinizmi?"
Putinin sualına xorla "bəli" cavabı və dəstək alqışları gəlib. O, fikrini tamamlayaraq deyib: "Mən başa düşürəm ki, bu qərar yaxın zamanlarda qəbul edilməlidir və qəbul ediləcək. Mən bu qərarı verərkən bu gün sizinlə olan söhbəti və sizin reaksiyanızı da nəzərə alacağam".
Maksim Tokarev isə jurnalistlərə açıqlamasında Putinə bu sualı verməsinin səbəbi barədə danışıb: "Bilirdim ki, Vladimir Vladimiroviç özünün seçkiqabağı kampaniyası barədə heç nə deməyib və mən ona imkan düşmüşkən bu barədə sual vermək qərarına gəldim. Belə başa düşdüm ki, o, növbəti prezident seçkilərində iştirak edəcək. Hesab edirəm ki, artıq bu barədə qərar qəbul edib".
Könüllü qeyd edib ki, Putin mükafatları təqdim etmək üçün səhnəyə çıxanda zaldakı enerjini hiss edib.
"Bu, tamamilə ekspromt idi, heç nə qabaqcadan hazırlanmamışdı, sadəcə qərara aldım ki, axı niyə sual verməyim? Sual ağlıma bədahətən gəldi və verdim" — Tokarev əlavə edib.
Tokarev "İlin könüllüsü" mükafatını "Baykalın qorunması" layihəsinə görə aldığını bildirib.
"Biz yayda "Baykal sahil xidməti" adlı könüllü düşərgə yaradırıq. Bu xidmət əhalinin, turistlərin ekoloji maarifləndirilməsi, Baykal sahilinin xüsusi mühafizə olunan hissəsinin təmizliyinə, utilizasiya və müasir texnologiyanın tətbiqinə, zibillərin ayrılmasına ictimai nəzarət, qanun pozuntularının aşkarlanması və s. fəaliyyətlərlə məşğul olur" — deyə "İlin könüllüsü" bildirib.