İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 5 dekabr — Sputnik. Nardaran qəsəbəsi (kəndi) Bakıdan 25 kilometr aralıda, dəniz kənarında yerləşir. Qəsəbədə 8 mindən çox insan yaşayır.
Kəndin adı ilə bağlı müxtəlif versiyalar səslənir. Onlardan daha uyğunu "nur olan yer"dir. Bəzi mənbələrdə Nardaranın adı "Nurdelan" (qəlblərin nuru) kimi qeyd olunub. Amma kəndin adının hansı məna daşıdığı, nədən qaynaqlandığını dəqiq bilən yoxdur.
Nardaranda 7-ci imam Museyi Kazimin qızı Rəhimə xanım (azyaşlı övladı ilə birgə) və həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunub. Hazırda onların qəbirlərinin üzərində ziyarətgah tikilib. Bununla yanaşı, qədim tikili də qorunub saxlanılır.
Ötən günlərdə yolum Nardarandan düşmüşdü. Kəndin girişində quraşdırılmış postda polis yoxlamasından keçəndən sonra kəndə daxil oldum. Postda məndən qəsəbəyə niyə gəldiyimlə maraqlandılar. Sonra avtomobilimə baxış keçirib yaxşı yol arzuladılar.
Nardaran tamamilə dəyişib. Yollar, küçələr, hətta kənddə yaşayan insanların simaları da dəyişib. Yox, mənim əvvəlki və bugünkü Nardaranı, insanlarını, həyat tərzini müqayisə etmək niyyətim yoxdur. Heç Nardarana səfərim də bununla bağlı deyildi. Sadəcə kənddə gördüklərimi qələmə almağa getmişdim.
Nardaran bu dəfə çox sakit idi. Daha küçələrdə insan kütlələrinə rast gəlmirsən. Yollar təmiz və səliqəlidir. Yaxınlaşıb danışmaq istəsən də, heç kim səninlə kəlmə kəsmək istəmir. Yaşayışlarından da narazılıq etmirlər. Sadəcə uzaq olmağa can atırlar.
Nardaran Pirinin qarşısında da hərbi geyimli şəxslər dayanıblar. Onlar pirə gələnləri yoxladıqdan sonra içəri buraxırlar. Tamam başqa Nardarandır indiki Nardaran. İnanın ki, gördüklərim yazmağa söz tapmıram.
İnsanlarla söhbətimin alınmayacağını başa düşüb kəndi gəzməyə başladım. Əvvəllər bu qəsəbədə köhnə divarlar, hamamlar, qalalar vardı. Pirdən 20-30 metr aralıda Nardaran qalası yerləşir. Deyilənə görə, qala 1301-ci ildə memar Mahmud Səd oğlu tərəfindən inşa edilib. Hündürlüyü 12,5 metrdir.
Qala nə vaxtsa dörd mərtəbəli olub, amma hazırda içəridə olan bütün pilləkənlər sökülüb. İçəri zibillə doludur. Bəzilərinin qaladan ayaqyolu kimi istifadə etdikləri də görünür…
Deyilənə görə, qala "Bərəkət" kimi tanınan Xuraman ana tərəfindən dəniz kənarında tikilib. Qalanın divarlarında memar Mahmud Səd oğlu və Bərəkət ana haqqında da məlumatlar əks olunub.
Sakinlərin sözlərinə görə, Nardaran qalası əvvəllər sığınacaq olub. Qapısı bağlandısa, kimsə ora daxil ola bilməzmiş. Qalanın divarlarında kiçik qapılar var. Sakinlər deyirlər ki, qalanın altından nə vaxtsa yeraltı yollar olub. Amma onlar da zamanla deformasiyaya uğrayıb, uçub, sökülüb. O yolların hara açıldığı isə heç kim üçün maraqlı olmayıb.
"Uşaqlıqda deyirdilər ki, o yollar evlərə açılır, guya uzun yoldur. Mərdəkandakı botanika bağında yeraltı quyular var. Həmin quyular vaxtilə Bakı milyonçusunun evinə açılırmış. Guya, burda da elə olub. Amma bu günə kimi Nardaran qalası ilə kimsə maraqlanmayıb. Özünüz də görürsünüz ki, qala əzəmətini itirməsə də, sıradan çıxıb. Pilləkənləri yoxdur. Amma nə vaxtsa 3-4 mərtəbəli olub" – sakinlər danışırlar.
Deyilənə görə, müəyyən dövrlərdə evsiz-eşiksiz insanlar da gecələri qalaya sığınarmış.
Marağıma səbəb olan başqa heç nə ilə qarşılaşmadığım üçün geri qayıdıram. Səssiz, monoton, küçələri bomboş olan Nardarandan… Bu dəfə Nardaranı başqa istiqamətdən tərk edirəm. Yenə avtomobilim yoxlanılır. Xidmətdə olan polis əməkdaşları uğurlu yol arzulayıb, digər avtomobillərlə məşğul olmağa başlayırlar.