BAKI, 5 dekabr — Sputnik. "Mən Ukraynanın azadlığı və oliqarxlardan təmizlənməsi üçün həyatımı ortaya qoyacağam”.
Sputnik Azərbaycan Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Kiyevdə polis tərəfindən saxlanıldıqdan sonra tərəfdarlarının zor tətbiqetməsi ilə sərbəst qalan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.
Saakaşvili sosial şəbəkə vasitəsilə canlı yayımda bütün ukraynalıları meydanlara çıxmağa çağırıb: “Sizi Maydana toplaşmağa, Ukraynanı Pyotr Poroşenko və onun dəstəsindən azad etmək prosesinə başlamağa çağırıram. Heç nədən qorxmayın. Biz milyonlarlayıq. Polis onları sevmir. Ordu bizim tərəfdədir”.
Xatırladaq ki, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün evində axtarış aparılarkən yaşadığı binanın damına çıxıb və polisləri intihar edəcəyi ilə hədələyib. Sonra o, polislər tərəfindən saxlanılıb. Lakin tərəfdarları onu güc strukturlarına məxsus avtobusdan çıxararaq qaçırıb.