Saakaşvili intihar etmək istəyir - VİDEO

© Sputnik / Aleksey VovkMixail Saakaşvili
Mixail Saakaşvili - Sputnik Azərbaycan
Abunə olmaq
O, yaşadığı binanın damına çıxaraq, evində axtarış aparmağa gələn xüsusi təyinatlıları özünü aşağı atmaqla hədələyir

BAKI, 5 dekabr — Sputnik. Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru, "Yeni Qüvvələr Hərəkatı"nın lideri Mixail Saakaşvili Kiyevdə yaşadığı səkkizmərtəbəli binanın damına çıxaraq, evində axtarış aparmağa gələn xüsusi təyinatlıları özünü binanın damından aşağı atmaqla hədələyir.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, binanın ətrafına gələn polislər Saakaşvilini etiraz aksiyasını dayandırmağa və ehmalca damdan enməyə çağırırlar.

"Saakaşvili hazırda damdadır və polislərlə danışıqlar aparır. Siyasətçi deyir ki, əgər ona toxunarlarsa, özünü damdan aşağı atacaq. Evə xilasedicilər və həkimlər gəliblər" — deyə Ukrayna "1+1" telekanalının hadisə yerində olan müxbiri xəbər verib.

​Hadisə şahidləri Saakşvilinin hərəkətlərini lentə alaraq sosial şəbəkələrdə paylaşmaqdadırlar. ​Siyasətçinin tərəfdarı David Sakvarelidze səhər saatlarında bəyan edib ki, naməlum şəxslər Saakaşvilinin Kiyevdəki evinin qapısını qırmağa çalışırlar.

"Hazırda Saakaşvili damdadır və hüquq-mühafizə orqanları onunla danışıqlar aparır. Səs-küy eşidilir. Siyasətçi qışqıraraq bildirir ki, əgər ona toxunsalar, damdan tullanacaq. Eks-prezidentin tərəfdarlarından biri qol-qıçının qırılması diaqnozu ilə xəstəxanaya aparılıb. Ona hüquq mühafizəçiləri tərəfindən xəsarət yetirildiyi ehtimal edilir" — deyə telekanalın xəbərlər xidməti bildirib.

Telekanalın məlumatına görə, Saakaşvilini saxlamağa çalışırlar. Ukraynanın UNN agentliyinin məlumatına görə, axtarış haqqında order eks-prezident Viktor Yanukoviçin keçmiş ətrafının iştirakı ilə keçən etiraz aksiyasının maliyyələşdirilməsi ilə bağlı cinayət işinə görə verilib.

Noyabrın sonlarında KİV yazmışdı ki, Ukrayna hakimiyyəti ilin sonuna qədər Saakaşvilini həbs etmək niyyətindədir. Dekabrın əvvəllərində siyasətçi bəyan etmişdi ki, növbəti həftə onu ekstradisiya etmək istəyirlər. Belə olan təqdirdə, o, Avropaya keçmək üçün Gürcüstana getməyi üstün tutur. Daha əvvəl isə eks-prezident bildirmişdi ki, onun Ukraynada qalma müddəti martın 1-dək uzadılıb.

Saakaşvili sentyabr ayında prezident Pyotr Poroşenkonun əmri ilə Ukrayna vətəndaşlığından çıxarılıb. Lakin tərəfdarlarının dəstəyi ilə sərhədçilər kordonunu yararaq Polşadan Ukrayna ərazisinə daxil olub. Məhkəmə onu ölkə sərhəddini qanunsuz keçdiyinə görə 130 dollar cərimələyib.

Gürcüstanda eks-prezidenti bir neçə cinayəti törətməkdə günahlandırırlar. O, bu ölkəni 2013-cü ilin noyabrında Georgi Marqvelaşvilinin yeni prezident postuna keçməsindən sonra tərk edib.

Xəbər lenti
0