CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ona üç bəla gələcək, üçü də sağ tərəfdən..."

© Sputnik / Ilham MustafayevAydın Mustafayev anası Fatma xanım ilə
Aydın Mustafayev anası Fatma xanım ilə - Sputnik Azərbaycan
Abunə olmaq
"Oğlum 10 aylıq idi, "Nikolayın girvənkə daşını" qaldırıb qoya bilirdi"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Onu Mingəçevirdə hamı tanıyır. Yalnız bir əli olduğu üçün qarmonunu tərsinə tutaraq sol əlilə çalan, musiqisiylə hər kəsi heyran qoyan bu şəxsi adi günlərdə şəhərin müxtəlif yerlərində görmək mümkündür.

Yerli sakinlərin Arif olaraq tanıdığı, illərdir sənətilə dolanışığını çıxaran ifaçının əsl adı Aydın Mustafayevdir. Amma uşaqlıqdan fərasəti, qabiliyyətilə bu adı qazandığından hamı onu Aydın deyil, Arif kimi tanıyır və belə də çağırır.

Arif haqda yazmaq üçün bu dəfə onu tapa bilmədiyimdən evinə yollandım. Qapını Arifin anası Fatma nənə açdı. Kiçik, birotaqlı evdə oğlu ilə birgə yaşayan ağbirçək Fatma nənənin 95 yaşı var. Yaşının çox olmasına baxmayaraq yorulmadan, usanmadan 69 yaşlı övladına qulluq edən qadın ona körpə uşaq kimi baxır və hər istəyini yerinə yetirməyə çalışır.

Arif fiziki qüsurlu olduğundan Sputnik Azərbaycan üçün məlumatları elə Fatma nənədən aldım. Onu şəhərdə tapa bilməməyimin səbəbi də məlum oldu. Sən demə, Arif yas ayı kimi hesab edilən Məhərrəmlik ayında şəhərə çıxaraq qarmon ifa etmirmiş. Qarmonun oğlu üçün təkcə musiqi aləti deyil, həm də hisslərinin, duyğularının ifadə vasitəsi olduğunu deyən ana oğlunun hər gün evdə süst düşənədək qarmon çalıb rahatlandığını bildirir.

Körpəliyindən Arifin çox qabiliyyətli, hərəkətli uşaq olduğunu danışan yaşlı qadın övladının hələ 9-10 aylıq olarkən yeridiyini, danışdığını, "Nikolayın girvənkə daşını" (1 girvənkə 400 qrama bərabər ölçü vahidi – red.) qaldırıb qoya bildiyini söyləyir.

"1948-ci ildə anadan olub Arif. Bütün müsibətləri də elə körpəliyindən başladı. Qayınanam kənddə bir baxıcıya baxdırmışdı. Baxıcı demişdi ki, Arifə 3 qada (bəla — red.) gələcək, üçü də sağ tərəfdən. Əgər bu bəlalardan sağ çıxsa, ona sənət veriləcək. 6 yaşı vardı yıxılıb qolu qırılanda. Sınıqçı sarısa da 3 gün sonra iltihab oldu. Məcbur olub kəsdirdik. Qolu hələ sarıqdan açılmamışdı ki, sağ ayağı qırıldı. İndi də bir ayağı o birindən bir az gödəkdir" – Fatma nənə xatırlayır.

Baxıcı dediyi kimi, üçüncü qadanın da sağ tərəfdən gəldiyini danışır ağbirçək ana: "Aradan bir il keçmədi ki, sağ tərəfi tutuldu, 20 gün heç nə yemədən yatdı, əriyib dəmir şiş kimi olmuşdu. Kəfənini də hazırlamışdıq. Hər axşam qonşular yığılıb ağı deyirdi, təsəlli verirdi. Bu qadadan da sağ çıxdı, ölmədi. Kənddə həmişə növbə olan bir bulağımız vardı. Güyümü götürüb suya getdim. Gələndə eşitdim ki, evimizdən musiqi səsi gəlir. O vaxt radio-televizor yox idi kənddə. Girdim evə, gördüm ki, evdə bir balaca qarmon vardı, onu götürüb tək əlilə əsə-əsə çalır. Birini çaldı, dedi "Xalabacıdı", birini çaldı, dedi "Kolxoz" rəqsidi. O çalan, bu çalan, hələ də çalır balam".

Övladının ən kiçik arzusunu belə yerinə yetirməyə çalışan ağbirçək ana Arifin gündəlik məşğuliyyətindən də danışır. Arif hər gün səhər yeməyindən sonra şəhərə gəzməyə gedir, günorta saat 1-2 arası evə gəlir, yemək yedikdən sonra qarmonunu götürüb saatlarca çalır, sonra rahatlanır.

Arifin bu dünyada yalnız bir arzusunun olduğunu söyləyir Fatma nənə: "Üzərində Azərbaycan bayrağı həkk edilmiş qarmona sahib olmaq. Amma mənim onu almağa imkanım olmadığından bu, elə arzu olaraq qalmaqdadır".

Fatma nənənin də bu dünyada istəyi çox deyil. Övladına sonadək qulluq edə bilməkdən savayı. Bəlkə də bu hisslər onu belə gümrah, sərrast saxlayıb. Bu yaşında yenə övladının halı narahat edir Fatma nənəni.

"Bir əli var, o da əsməyə başlayıb. Çətin olacaq indən belə qarmon çalmaq" – deyə köksünü ötürür 95 yaşlı ana.

Xəbər lenti
0