İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 4 dekabr — Sputnik. İki il öncə… 4 dekabr 2015-ci il tarixində "Günəşli" yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə qəza oldu. Həmin məşum gecə platformada 63 nəfər işçi var idi. Onlardan 33 nəfəri xilas edilmişdi. 30 nəfər isə tüğyan edən Xəzərin sularına qərq olmuşdu…
Həmin şəxslərdən 12-sinin cəsədi tapılıb. Amma 18 nəfərdən bu günə qədər xəbər yoxdur. O gecə 30 ailənin ümidini qırdı, gözünü yolda qoydu. Quliyevlər ailəsi kimi…
Əzizağa Quliyev ömrünün 24 ilini dənizə həsr etmişdi. 1991-ci ildən dənizdə çalışmağa başlayan Ə. Quliyev 2005-ci ildən Günəşli yatağında elektrik kimi çalışırdı. Dənizdən qorxsa da, ailəsini, övladlarını daha yaxşı saxlamaq üçün bu işi seçmişdi.
Həyat yoldaşı Nailə Quliyeva deyir ki, o heç vaxt iş yerinə gəmi ilə getməzmiş. Çəkinərmiş sulardan. Sanki hiss edirmiş ki, həyatı sularda bitəcək.
Noyabrın 22-də ailəsi ilə sağollaşıb yenidən dənizə gedib. Nədənsə, çantasını avtomobilinə qoyub, geri qayıdıb. Sonuncu dəfə evinə, ailəsinə baxıb "xudahafiz" deyib.
Nailə xanım indi o günləri göz yaşları içində yada salır. Deyir ki, hələ də həyat yoldaşının ölümünə inana bilmir. Elə bilir ki, Əzizağa haradasa uzaqlarda dayanıb onlara baxır. Ölümü yaraşdırmır ona Nailə xanım.
Qızı Kübra Quliyeva da atasından yana-yana danışır. Göz yaşları onu boğsa da, ara-sıra gülümsünüb, atası ilə bağlı xatirələrini dilə gətirir: "Atam, atam, atam…" deyir, dilindən düşmür.
Bu gün dünyasını dəyişməsinin 2 ili tamam olacaq Əzizağa Quliyevin Zirə qəsəbəsindəki evində idim. Övladları, dostu, qaynı və qardaşı ilə onu bir daha yad etdik, göz yaşları ilə, həsrətlə…
Həyat yoldaşı Nailə Quliyevanın sözlərinə görə, Əzizağa Quliyev həmişə dənizə gedəndə övladlarını ona tapşırıb gedərmiş: "Həmişə uşaqları, bir də kiçik qardaşı Şamili mənə tapşırardı. Deyirdi ki, nə edirsən, et, amma çalış ki, Şamil həmişə bu evə gəlsin. Sonuncu dəfə də tapşırıqlarını verdi və getdi. Kaş ki getməzdi…"
Hər dəfə "atam" deyəndə gözləri dolan qızı Kübra deyir ki, sonuncu dəfə atası ilə o danışıb. Elə həmin gün — dekabrın 4-ü, saat 5-də. Ölümündən bir neçə saat əvvəl…
"Hamıya zəng edibmiş. Bir az narahat idi. Görünür, nəsə hiss edibmiş. Dedi ki, vəziyyət yaxşı deyil. Sonuncu dəfə səsimizi eşitmək istəyirmiş. Bu, onunla son danışığımız oldu. Sonra bir də atamı 1 ay sonra gördüm. Daha doğrusu, görmədim, bildim ki, gətirilən mənim atamdır. Səsimi çıxara bilməsəm də, ürəyim parça-parça idi. Daha atam yox idi həyatda. Atasız idim…" — Kübra danışır.
Dediyinə görə, atasının ölümünü əvvəlcə onlara bildirməyiblər: "Biz internetdən, televiziyalardan məlumat öyrənə bilirdik. Əvvəlcə ümidimiz vardı. Sonra qardaşıma qaynı zəng edib, yataqda yanğın olduğunu deyib. Qardaşımın qaynı üzbəüz blokda çalışırdı. Ayın 5-i günortadan sonra bizə belə hadisə baş verdiyini dedilər və biz dəniz vağzalına getdik".
"Dedilər ki, "sizin atanız da yaralılar arasındadır". Vağzalda bizi yaxına buraxmırdılar. Yaralılar Təcili Tibbi Yardım maşınlarıyla daşınırdı. Atam isə onların arasında yox idi. Kor-peşman geri qayıtdıq. Ertəsi gün artıq ailə üzvləri haqqında məlumatlar yığılırdı. Artıq hamımız bilirdik, amma heç kim səsini çıxarmırdı. Çünki inanmaq istəmirdik. Atamın cəsədi bir ay sonra tapıldı…" — Kübra bildirir.
Hacı Əzizağa Quliyevin dostu Hacı İdris deyir ki, onunla gənc vaxtlarından dostluq edib: "O vaxtlar Hacı "Təzə Pir" məscidində çalışırdı. Mən bütün sirlərimi ona danışırdım. Hacı dənizdə işləməyə başlasa da, mənə yenə vaxt ayırırdı. Biz görüşür, dərdləşirdik. Mən qardaşlarıma deyə bilmədiyimi Hacı ilə bölüşürdüm. Həmin gecə Hacıya bir neçə dəfə zəng elədim. O, mənə hər zaman cavab verərdi. Cavab verməyəndə anladım ki, ona nəsə olub".
Əzizağanın qaynı Namiq Quliyevin sözlərinə görə, o, ailənin, nəslin sayılıb-seçilən kişilərindən olub: "O, dindar idi, amma fanat deyildi. Bir dəfə özü haqqında danışırdı. Mən də dedim ki, "Hacı mən də günah etməmişəm, mənim səndən fərqim nədir ki?" Hacı cavab verdi ki, "mənim 60 yaşım var, bu günə qədər qısaqol köynək geyməmişəm". Belə adam idi Hacı".
Qardaşı Oqtay Quliyevin sözlərinə görə, məlum hadisədən 1 ay sonra Əzizağanın nəşi Türkmənistandan tapılıb. Həmin müddət ərzində ailəsi hələ də ümidlə yaşayırmış: "O, çox gözəl insan idi. Düşünə bilmirdik ki, onun başına nəsə gələ bilər. Ümid edirdik ki, həyatda etdiyi yaxşılıqlar onu qoruyacaq. Biz elə düşünürdük ki, o, haradasa sağdır, bizi görür, amma xəbər verə bilmir ki, sağdır".
O.Quliyev deyir ki, qardaşı hər şeyi öncədən hiss edə bilirmiş: "Bəlkə də ölümünü də hiss edirmiş. Amma hiss etsəydi də, dilinə gətirməzdi".
Hacının qardaşı göz yaşlarını saxlaya bilmir, hönkür-hönkür ağlayır…
Hacı Əzizağa Quliyevin 40 illik dostu Eldar Həsənov da onunla bağlı xatirələrini dilə gətirir. Deyir ki, hər zaman uzaq səfərlərə gedəndə mütləq Hacı ilə görüşürmüş: "O, məni hər dəfə "Quran" altından keçirəndə arxayın olurdum ki, hər şey qaydasında olacaq. Onu bu qədər tez itirəcəyimizə inana bilməzdim".
Qeyd edək ki, Hacının ölümündən sonra iki nəvəsi dünyaya gəlib. Oğlu Nuhbala Quliyevin övladına elə Əzizağa adı veriblər…