BAKI, 4 dekabr — Sputnik. "Əgər ABŞ prezidenti Donald Tramp mübahisəli Qüds şəhərini İsrailin paytaxtı kimi tanısa, bunun çox ağır fəsadları olacaq". Sputnik Türkiyə xəbər verir ki, bu barədə İordaniya hökuməti ABŞ-a xəbərdarlıq edib.
Məlumata görə, İordaniyanın xarici işlər naziri Eymen Safadi dünən amerikalı həmkarı Reks Tillersonla telefonla danışıb. Ərəb nazir Tillersona "Qüdsün tarixi və qanuni statusunu qorumaq lazımdır. Bu şəhərin statusunu dəyişdirmək məqsədi güdən hər hansı qərardan imtina edilməlidir" deyib.
"Əgər Amerika Birləşmiş Ştatları Qüds şəhərini İsrailin paytaxtı kimi tanısa, buna tək iordaniyalılar və fələstinlilər qəzəblənməyəcək. Bu qərarın ərəb və müsəlman dünyası üçün də ciddi nəticələri olacaq" – Eymen Safadi bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın kürəkəni, eyni zamanda müşaviri olan Jared Kuşner mətbuata açıqlamasında deyib ki, qayınatası ən yaxın zamanda bu barədə öz fikrini açıqlayacaq.