BAKI, 3 dekabr — Sputnik. Ağcaqanadın insanı müxtəlif xəstəliklərə yoluxdura biləcək həşərat olması hər kəsə məlumdur. Malyariya və ya zika virusuna yoluxma hallarından hər il çoxlu sayda insan həyatını itirir. Artıq bu istiqamətdə yeni üsullar araşdırılmaqdadır. Tibb və texnologiyanın vəhdətdə inkişafı yeni üsullara yol açır. Belə ki, alimlər ətrafımızda uçaraq hər an bizi dişləyə biləcək ağcaqanadın təhlükəli virusun daşıyıcısı olub-olmadığını aydınlaşdırmaq üçün yenilik tətbiq ediblər.
AZƏRTAC xəbər verir ki, dünyada mövcud olan 3500 ağcaqanad növündən 40-ı insanın qanını sovuraraq qidalanır. Təbii ki, istənilən halda onlardan hansının təhlükəli növ olduğunu aydınlaşdırmaq çətindir. Lakin İngiltərənin Oksford və Stanford universitetlərinin mütəxəssisləri bu həşəratın qanadlarını çırpan zaman çıxan səs siqnalları vasitəsilə onun təhlükəli olmasını müəyyənləşdirəcək xüsusi tətbiqdən istifadə ediblər. “Ağıllı” telefonlarda yerləşdirilmiş, olduqca həssas xüsusi mikrofonlar vasitəsilə ağcaqanadın qanad çırpmasından çıxan səs qeydə alınır və məlumat bazası ilə müqayisə edilərək nəticə əldə olunur. “MozzWear” adlı bu Android tətbiqi yoluxucu xəstəliklərə qarşı mübarizədə uğurlu üsul ola bilər.