Səbinə Əsədova, Sputnik Azərbaycan
BAKI, 1 dekabr — Sputnik. Sputnik Azərbaycan ənənəvi olaraq kişi peşəsi hesab edilən peşələrlə məşğul olan qadınlardan bəhs edən "Qadın işi deyil" rubrikasını davam etdirir.
Azərbaycan qadınları öz məharətləri ilə hər kəsi heyrətləndirməyə qadirdirlər. Və elə bir peşə yoxdur ki, qadınlarımız onun öhdəsindən gələ bilməsin.
Misal üçün, qaynaqçılıq. Ola bilsin, ilk baxışdan bu, sizə təəccüblü görünəcək. Kişi obrazına daha çox uyğun gələn bu peşəni qadın zərifliyinə heç cür yaraşdıra bilməyəcəksiz. Amma yanıldığınızı anlamaq üçün bizim qəhrəmanla yaxından tanış olmanız lazımdır.
Bu, Kifayət Hüseynovadır. Baxmayaraq ki, bir çoxları onun seçimini anlayışla qarşılamır, amma o, özü öz işindən razıdır. Kifayət qaynaqçı olmaq qərarına birdən-birə gəlməyib. Uşaqlıqdan o, qaynaqçı işləyən dayısını müşahidə edirmiş. Tədricən özündə bu işə bir bağlılıq hiss etməyə başlayıb. Odur ki, IX sinfi bitirəndən sonra o, AR Təhsil Nazirliyi və ASAN xidmətin birgə həyata keçirdiyi ASAN peşə layihəsi barədə eşidən kimi, dərhal sənədlərini toplayıb ora verib.
Evdə qızlarının bu seçiminə birmənalı yanaşmayıblar. Amma onu anlayışla qarşılayıblar və icazə veriblər.
Bu həyatda hər şey işıq və qaranlıqdan, başqa sözlə, müsbət və mənfidən ibarətdir. Peşə seçimi edərkən yaxşı düşünmək, bütün nüansları götür-qoy etmək lazımdır ki, sonra peşman olmayasan.
Odur ki, Kifayət dayısının yolu ilə getmək və öz işinin gözəl ustası olmaq qərarına gəlib. Bu yaxşıdır, amma o, qadın deyil, məhz kişi işi olan bu peşənin öhdəsindən hər zaman necə lazımdırsa, eləcə də gələ bilirmi? Bu işdə heç də hər şey həmişə rəvan və yaxşı getmir, üstəlik qazanc da azdır.
Amma qəti əminik ki, Kifayətin döyüşkən ruhu ona hər şeyi təbəssümlə və müəyyən qədər müsbət qəbul etməyə yardım göstərir. O, hesab edir ki, həmişə özünə iş tapa bilir. Ona görə yox ki, qızdır deyə ona güzəştə gedirlər, ona görə ki, Kifayət öz işinin ustasıdır, güclü cinsdən olan həmkarlarından heç nə ilə geri qalmır. Kifayət hesab edir ki, gələcəkdə bir kişi sənəti hesab olunan qaynaq işinə qadınların marağı heç də kişilərin marağından az olmayacaq.
Onun bütün həmyaşıdları ali məktəblərə daxil olmağa hazırlaşırlar. Amma Kifayət əmindir ki, ali təhsil heç də həmişə bizə həyatda özümüzü tapmağa kömək etmir. Kim bilir, bəlkə sabah bu uşaqlardan hansısa ondan işə götürülməyi xahiş edəcək?!
"Bu gün praktiki olaraq hamı ali təhsil almağa çalışır, amma mən istəmirəm" — deyir Kifayət.
Qız fikirləşir ki, elə ən yaxşısı öz sənəti ilə məşğul olmasıdır. Kifayətin fikrincə, bu sənət ona gələcəkdə öz şəxsi işini qurmağa kömək edəcək. Vacib deyil sən kimsən və nə işlə məşğulsan, əsas odur ki, insan öz işini sevərək görsün. Fikirlər maddidir.
"Ona görə də mən həmişə ancaq yaxşı şeylər barədə düşünürəm. Əminəm ki, mənim gələcəkdə çox yaxşı işim olacaq və heç də başqalarından az qazanmayacam" — o, deyir.
Əfsanəvi Stiv Cobs demişkən, başqalarının sizin haqqınızda nə danışması önəmli deyil. Bütün bunları təbəssümlə qarşılayın və öz işinizi görməyə davam edin.