Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 2 dekabr — Sputnik. Noyabrın 27-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən İmişli RPŞ-yə rayon sakini Qorxmaz Şirinova məxsus mənzildən 4 min manat dəyərində qızıl-zinət əşyalarının və 1500 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub. Bu barədə Sputnik Azərbaycan-a DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Cahid Quliyev və həmyerlisi Bəhruz Musayev saxlanılıb.
RPŞ-də aparılan araşdırmalar zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızıl-zinət əşyalarının müəyyən qismini Bakıda satdıqları məlum olub.
Özlərində saxladıqları qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.