BAKI, 2 dekabr — Sputnik. Zirə-Türkan avtomobil yolunun tikintisi başa çatır. Bu barədə Sputnik Azərbaycan-a “Azəravtoyol” ASC nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, hazırda yol boyu son tamamlanma işləri aparılır, yeni asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri görülür. Ümumilikdə yolun 65 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənir.
"İki qəsəbəni birləşdirmək baxımından xüsusi əhəmiyyətə malik yeni yol bağlantısının uzunluğu 7.1 km-dir. Yolun 2 km-lik hissəsi Türkan qəsəbəsinin daxili yoludur, 5.1 km-lik hissə isə tam olaraq yeni tras üzərində layihələndirilib. Sözügedən hissə çınqıl və torpaq örtüklü olub. Bu üzdən vətəndaşların, xüsusən payız-qış mövsümündə bu yolla hərəkətində xeyli çətinliklər yaranırdı. Yeni yolun tikintisi ilə bu problemlər geridə qalır" deyən Nəcəfli bildirib ki, Zirə-Türkan avtomobil yolunun hərəkət hissəsinin eni 7 metr, hər bir istiqamət üzrə 1.5 metr çiyin hissələr də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir. Yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində yeni piyada səkiləri inşa olunub, 12.5 km uzunluğunda müxtəlif ölçülü yeni səki daşları düzülüb.
Onun sözlərinə görə, layihə çərçivəsində zəruri olan yerlərdə yolun altından kommunikasiya xətlərinin ötürülməsi üçün xüsusi borular qoyulub, hərəkətin normal təşkili üçün 96 ədəd yol nişanı və məlumatverici lövhə, həmçinin yolun işıqlandırılmasını təmin etmək məqsədi ilə 185 ədəd işıq dirəyi quraşdırılıb.
Səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri ola yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub və 3 yerdə su qəbuledici anbarlar inşa edilib. 6 yerdə avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə xüsusi "cib"li hissələr yaradılıb, yolkənarı boş ərazilərdə 100-dən artıq ağac əkilib.
Qeyd edək ki, Zirə-Türkan yolunun tikintisi iki yaşayış məntəqəsinin 24 min nəfər əhalisinin gediş-gəlişini xeyli yaxşılaşdırır, yük və sərnişin daşınmasını asanlaşdırır. Ən əsası, vətəndaşların paytaxt mərkəzinə gediş-gəliş yolunu 15 km-ə qədər qısaldır.