BAKI, 2 dekabr — Sputnik. ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn Rusiya araşdırması məsələsində yalan dediyi ittihamını qəbul edib.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Vaşinqton bölgə məhkəməsində ifadə verən Flinn Rusiyanın ABŞ-dakı keçmiş səfiri ilə apardığı danışıqları barədə ABŞ-ın Federal Təhqiqatlar Bürosuna (FTB) yanlış məlumat verdiyini deyib.
Flinnin yalan ifadə verdiyini etiraf etməsi Trampın mövqeyinin etibarını zədələyib. Müxalifətdəki demokratlarsa Moskva ilə Tramp arasında gizli əməkdaşlığa dair dəlillərin yetərli olduğu fikrindədir.
Flinnin etirafından sonra diqqətlər ABŞ prezidenti Donald Trampın eyni istintaqda ifadə verən kürəkəni və eyni zamanda müşaviri olan Jared Kuşnerə çevrilib.
Ağ Evdən verilən açıqlamada sözügedən etirafın Flinndən başqa kiməsə aid olmadığı ifadə edilib. Tramp xüsusi səlahiyyətli prokuror Robert Muller tərəfindən aparılan istintaqı "ifritə ovu" kimi qiymətləndirir.
Məhkəmə qeydlərini araşdıran mütəxəssislərə görə, sənədə növbəti günlərdə yeni adların əlavə olunması mümkündür.
Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.