CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qusarda 17 yaşlı gəncin ölümünün müəmmalı səbəbi açıqlandı

© Sputnik / Murad OrujovКладбище в Баку
Кладбище в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun ölümü ilə bağlı cinayət hadisəsi olmadığına görə rayon prokurorluğunda cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında qərar qəbul edilib

BAKI, 1 dekabr — Sputnik. Baş Prokurorluq Qusarda 17 yaşlı oğlanın ögey anası tərəfindən öldürülməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Qusar rayonunun Hil kənd sakini, 2000-ci il təvəllüdlü Daşdəmirov Nəsrəddin Radik oğlunun guya ögey anası tərəfindən döyülərək aldığı xəsarətlərdən Qusar rayon xəstəxanasında vəfat etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Həmin informasiyalar Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunub və bununla əlaqədar bildirilib ki, Nəsrəddin Daşdəmirov 2 oktyabr 2017-ci il tarixdə ağır vəziyyətdə "ağ ciyərlərin infiltrativ vərəmi, tənəffüs çatışmazlığı" diaqnozu ilə Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna daxil olub, xəstəyə müvafiq tibbi yardımların göstərilməsinə baxmayaraq, 3 oktyabr 2017-ci il tarixdə orada vəfat edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda tam, hərtərəfli və obyektiv araşdırma aparılıb, zəruri prosessual hərəkətlər yerinə yetirilib, o cümlədən məhkəmə-tibbi ekspertizası təyin olunub.

Ekspertizanın rəyi ilə müəyyənləşib ki, N.Daşdəmirovun meyiti üzərində hər hansı bir xəsarət aşkarlanmayıb, onun ölümünə səbəb ağciyərlərin iki tərəfli virus mənşəli fəsadlaşmış, irinli hemorragik pnevmoniyası ilə əlaqədar baş vermiş kəskin tənəffüs çatmamazlığı olub.

Mərhumun ölümü ilə bağlı cinayət hadisəsi olmadığına görə rayon prokurorluğunda 3 noyabr 2017-ci il tarixdə cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında qərar qəbul edilib.

Həmçinin, N.Daşdəmirovun ögey anası tərəfindən döyülməsi ilə bağlı məlumatların araşdırılması üçün material ərazi aidiyyəti üzrə Qusar rayon prokurorluğuna göndərilib və hazırda həmin hissə ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılır.

Məlumatda, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirsinlər.

Xəbər lenti
0