BAKI, 1 dekabr — Sputnik. "Çocuklar Duymasın" serialında canlandırdığım Haluk obrazı ilə gerçək həyatdakı özümü müqayisə etsəm, Haluk mənim yanımda "light" qalar. Yəni o, gerçək həyatdakı Tamərin yanında "toya gedəsidir".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirdiyi mətbuat konfransında əslən Azərbaycandan olan türkiyəli aktyor Tamər Qaradağlı deyib. Azərbaycanlı aktrisa Məlahət Abbasovanın dəvəti ilə Bakıya gələn aktyor vətənində olduğu üçün özünü xoşbəxt hiss elədiyini söyləyib.
"Mən burda öz vətənimdəyəm. Bunun üçün çox xoşbəxtəm. Ata babam və nənəm azərbaycanlıdır. Gəncədəndirlər. Orada qohumlarım var, onlarla da görüşəcəm" – Qaradağlı qeyd edib.
Dünən paytaxta gəldiyi gündən ancaq yemək yediyini deyən aktyor Azərbaycan milli xörəklərini sevdiyini və Türkiyədə də yediyini bildirib.
Özəl həyatı barədə danışan Tamər Qaradağlı deyib ki, həyat yoldaşı ilə ayrılsalar da, qızlarının xətrinə tez-tez görüşürlər: "Əvvəlki həyat yoldaşım Arzu Balkanla 10 il əvvəl ayrıldıq. Bizim 11 yaşında bir qızımız var. Anası ilə qalır. Onlar Ankarada, mən İstanbuldayam. Ayrılsaq da, ata və analıq borcumuzu yerinə yetiririk. Tez-tez görüşürük. Arzu mükəmməl anadır".
Jurnalistin "yenidən evlənməyi düşünürsüzmü" sualını aktyor belə cavablandırıb: "Hələlik elə planım yoxdur. Düşünmürəm. Amma heç vaxt bu barədə "əsla" deməmişəm. Çünki qarşıma elə birisi çıxa bilər ki, düşünmədən evlənərəm. Amma dediyim kimi, hələlik elə birisi gəlməyib”.
Media təmsilçiləri Tamər Qaradağlının evlənəcəyi qadının Azərbaycandan ola bilmə ehtimalını da soruşublar. Aktyor sualı ünvanlayan gənc xanım jurnalistə gülümsəyərək "yemək bişirməyi bacarırsansa, olar" cavabını verib. Qaradağlının bu jesti zalda gülüşə səbəb olub.
Azərbaycan əsilli türkiyəli aktyor dünən Musiqili Teatrda olduğunu, oradakı ab-havaya heyran qaldığını deyib: "Möhtəşəm atmosfer idi. O səhnədə sevə-sevə oynayardım. Hətta orada olduğum zaman video çəkib qızıma göndərdim ki, o da bu ab-havanı görsün. Çünki mənim qızım da bu sahə ilə məşğuldur. Konservatoriyada piano bölümündə oxuyur".
Tamər Qaradağlının bir neçə gün Bakıda qalacağı, aktrisa Məlahət Abbasovanın "Məlahətli söhbətlər" verilişinə qonaq olacağı deyilir.