BAKI, 1 dekabr — Sputnik. Dünən Bakıda "Kardeşim benim 2" filminin təqdimatı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, təqdimata filmin baş rol ifaçılarından yalnız Burak Özçivit qatılıb. Onunla birgə kinoda rol alan iki xanım aktyor da təqdimetmə mərasimində iştirak edib.
Təqdimat zamanı diqqət çəkən məqamlardan biri də azərbaycanlı aktyor Kamran Ağabalayevin filmdə rol almasına baxmayaraq, tədbirdə iştirak etməməsi olub.
Aktyor Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tədbirə dəvət olunmayıb: "Təqdimat mərasimində təşkilatçılar deyib ki, mənə dəvətnamə göndəriblər. Mən nə dəvətnamə görmüşəm, nə mənə dəvətnamə gəlib, nə də dəvət olunmuşam. Sadəcə olaraq çağırılmamış qonaq olmağı sevmirəm. Mən belə tərbiyə görmüşəm. Çağırılmamış yerə getməyi isə etikadan kənar bir şey sayıram".