BAKI, 30 noyabr — Sputnik. Türkiyədən Ermənistana təyyarə rəysinin açılacağı ilə bağlı xəbərlər doğru deyil. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan açıqlamaya münasibət bildirərkən deyib.
O bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: "O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir".
Qeyd edək ki, "Anadolu agentliyi"nin saytında noyabrın 24-də Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilib.