BAKI, 30 noyabr — Sputnik. 24 noyabr tarixində ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefonda danışığında maraqlı anlar yaşanıb. Sputnik Azərbaycan xəbər verir ki, bir həftə mətbuatdan gizlədilən o anları "Yeni Şafak" qəzeti üzə çıxarıb.
Prezident Tramp Ərdoğanla Soçidəki Suriya zirvəsi haqda danışıb. Əldə edilən razılığı müsbət qiymətləndirən Tramp, daha sonra qarşı tərəfin suallarını cavablandırıb. Ərdoğanın masasındakı Suriyaya aid xəritə isə diqqət çəkib. Həmin xəritədə ABŞ-ın PYD/YPG terrorçularına göndərdiyi silah TIR-larının koordinatları əks olunurdu.
Türkiyə prezidenti xəritəyə baxaraq Trampdan, "PYD-yə verilən silahların axırı necə olacaq?" soruşub. Ağ Ev rəhbəri cavabında, "daha göndərmirik" deyib. Ardınca Ərdoğan, "göndərmirik deyirsən, amma 1500 TIR indi 4000 TIR oldu" deyə reaksiya göstərib. Türkiyə dövlət başçısının reaksiyasına Tramp, "necə yəni? Hələ davam edir? Bax elə indi, bu dəqiqə təlimat verirəm, daha silah göndərilməyəcək" cavabını verib.
Amerikalı liderlə olan telefon danışığından sonra Ərdoğan bildirib ki, prosesləri yaxından izləyəcəklər.