İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 30 noyabr — Sputnik. Bakıda 5 ballıq zəlzələ baş versə, paytaxtda ciddi fəsadlar yaşana bilər. Ekspertlər qeyd edirlər ki, bəzi binaların keyfiyyətsiz və bir-birinə yaxın məsafədə tikilməsi potensial təhlükə mənbəyidir. Onların fikrincə, Bakıda güclü zəlzələ olarsa, çətin ki, belə binalarda yaşayan insanlar canını qurtara bilsinlər. Bəs nə etməli? Sputnik Azərbaycan bu suala cavab tapmağa çalışır.
Tikinti eksperti Elnur Fərzəliyev də keyfiyyətsiz binaların bir-birinə yaxın məsafədə tikilməsinin insan tələfatına səbəb ola biləcəyi fikri ilə razıdır: "Ötən günlərdə baş vermiş zəlzələ mərkəzdən çox kənarda olduğundan və həmin bölgələrdə mərkəzdəki kimi çoxmərtəbəli binalar olmadığından, hadisə insan tələfatı baş vermədən ötüşüb. Həmin 5-6 ballıq zəlzələ Bakı şəhərinin biri-birinə çox yaxın məsafələrdə tikilmiş çoxmərtəbəli yaşayış binalarının yerləşdiyi ərazilərdə baş versəydi, bu, artıq 5 ballıq yox, 7-8 ballıq zəlzələnin verdiyi fəsadlarla nəticələnə bilərdi".
Fərzəliyevin sözlərinə görə, Bakıda zəlzələ baş versə, böyük fəlakətlə bərabər, daşınmaz əmlak bazarının çökməsinə səbəb ola bilər: "Hazırkı şəraitdə binaların dözümlülüyü və keyfiyyəti ilə yanaşı, fövqəladə hal zamanı insanların həmin ərazilərdən evakuasiya oluna bilməyəcəyi də narahatlıq doğurur".
"Ara məsafəsi çox az saxlanılan çoxmərtəbəli binaların sadəcə birinin keyfiyyət göstəricisi, dözümlülüyü aşağı səviyyədə olarsa, zəlzələ zamanı bu, böyük faciəyə səbəb ola bilər. Təsəvvür edin, zəlzələ baş verərsə, bir binanın dözümlülüyü və keyfiyyəti zəifdirsə, o, digər binaların üzərinə aşacaq. Yaxud yanğın baş verərsə, binalar çox yaxın olduğu üçün yanğın tez yayılacaq" — ekspert bildirir.
"Ancaq təəssüf ki, bəzi işbazlar pul qazanmağı insan həyatından üstün tuturlar. Əksər ərazilərdə binalar arası məsafələrin standartlara uyğun olmaması, binaların yer altı sığınacaqlarının və ehtiyat cıxışlarının olmaması yanğın və ya zəlzələ zamanı böyük fəlakətlərə səbəb ola bilər" — o, əlavə edir.
Fərzəliyev o fikirdədir ki, bunu bütün tikinti şirkətlərinə şamil etmək olmaz: "Çünki Bakıda həqiqətən keyfiyyətli və dözümlü bina tikən şirkətlər də var".
Müsahibimizin qənaətincə, Bakıda zəlzələ olarsa, onun fəsadları sovet vaxtı tikilmiş binalardan da yan keçməyəcək: "Çünki əksər binaların zirzəmilərindəki ara divarların sökülməsi, zirzəmilərin daha da dərin qazılaraq binanın təməlini keçməsi, bünövrələrini yararaq zirzəmilərə əlavə qapılarının açılması və obyektlərə çevrilməsi binaları yararsız vəziyyətə salıb. Bir çox binaların zirzəmilərinin isə daima tullantı suları ilə dolu olması binanın yarasız hala düşməsinə səbəb olur".
"Yolkənarı binaların birinci mərtəbələrindəki yaşayış evlərini qeyri-yaşayış obyektlərinə çevirmək üçün ciddi konstruksiya dəyişikliyi olunması, yəni yük daşıyıcı ana divarların sökülərək qapı və vitrinlərin açılması müddəti başa çatmış binaları daha da qəzalı vəziyyətə salır. Bəzi binalardakı əlavə artırmalar da binaların yüklənməsinə və tarazlığının pozulmasına gətirib çıxarır. Bu cür problemlər ömrünü başa vurmuş köhnə binalarda zəlzələ olmadan belə hər an hansısa bir fəlakətin ola biləcəyindən xəbər verir” — Fərzəliyev vurğulayır.
Ekspert bildirir ki, vətəndaşlar mənzil alarkən diqqətli olmalı, binanın keyfiyyəti, binanı tikən şirkətin əvvəlki işləri, binanın yeri, binalar arasında olan məsafə ilə maraqlanmalıdır: "Əks halda zəlzələ olarsa, faciə qaçılmazdır".