BAKI, 29 noyabr — Sputnik. 2017-ci ilin döyüş hazırlığı planına əsasən, Əlahiddə Ümumqoşun Orduda snayperlərin təlim toplantısı keçirilir.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toplantıda əsas diqqət çətin relyef və kəskin iqlim şəraitinə malik olan Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanmasına yönəldilib.
Məşğələlər zamanı hədəfin aşkar edilməsi, ona gizli yaxınlaşma, atəş mövqeyi seçmə, maskalanma, atəş üçün ilkin məlumatların hazırlanması, sərrast atəşlə şərti hədəfin məhv edilməsi və digər fəaliyyətlər məşq etdirilir.
Bölmələrin silahlanmasındakı müxtəlif ölkələrin, eləcə də milli müdafiə sənayemizin istehsalı olan müasir snayper tüfəngləri tapşırıqdan, ərazidən, məsafədən və digər faktorlardan asılı olaraq hərbi qulluqçular tərəfindən təyinatına görə tətbiq olunur.