BAKI, 29 noyabr — Sputnik. Bakı Apellyasiya Məhkəməsi bacısının başını kəsərək öldürən Pərvanə Nuriyevanın evdə müalicə olunması barədə qərarda dəyişiklik edib.
Sputnik Azərbaycan "Qafqazinfo" ya istinadla xəbər verir ki, 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva 2014-cü ilin oktyabrında bacısı, 1993-cü il təvəllüdlü Günelə 22 bıçaq zərbəsi vurub, sonra isə başını kəsərək öldürüb. 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Nuriyeva müalicə edilməsi üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
P.Nuryevanın ailə üzvləri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək onun ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib. Prokurorluq bu qərardan apellyasiya protesti verib.
İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə baxılıb. Baş Prokurorluğun protesti təmin edilib və rayon məhkəməsinin qərarı ləğv edilib. P.Nuriyeva müalicə edilməsi üçün xəstəxanaya qaytarılıb.
Qeyd edək ki, Nuriyeva bacılarının atası Etibar Nuriyev Şəki bələdiyyəsinin sədri olub, hazırda bizneslə məşğul olur.