BAKI, 29 noyabr — Sputnik. İki fransız paraşütçüsü İsveçrənin Yunqfrau dağından vinqsyutla tullanış həyata keçiriblər və açıq qapıdan təyyarənin içinə uçublar. Onların yerinə yetirdikləri bu tryukun videoyazısı YouTube-ə yerləşdirilib və bir günə 660 min baxış toplayıb (dünəndən bu günə baxış sayı 776 781 olub).
Tullanış "Səmaya qapı" layihəsinin bir hissəsi olub. Məşqlər 7 ay davam edib və bu müddətdə sözügedən şəxslər 100 sınaq uçuşu həyata keçiriblər. Videoçarxı şərh edən istifadəçilər tryuklara heyranlıqlarını ifadə ediblər. Bir çoxları ekstremalların təyyarənin mühərrikinə ilişmə ehtimalına diqqət çəkib.
"Bu ağılsızlıqdır" — deyə niki Boby Schnackler olan şəxs bildirib.
"Kişilər, görünür bu çox əyləncəlidir. Mən də belə bir heyrətamiz şeyi sınaqdan keçirmək istəyirəm" — deyə Jose Heredia bildirib.
Sam Quam adlı şəxs isə yazıb: "Bu inanılmazdır. Mənim indiyə qədər gördüyüm ən qiyamət şeydir".
Vinqsyut idarə olunan uçuşu həyata keçirmək üçün nəzərdə tutulmuş kostyumdur. Kostyumun kiçik qanadları axına qarşı uçarkən şişməyə başlayır və adamın havada saatda 300 km sürətlə uçmasına imkan verir.