BAKI, 29 noyabr — Sputnik. "Ermənistanın Avropa İttifaqı ilə assosiativ sazişin bağlamasından sonra regionda tam yeni geosiyasi vəziyyət yaranıb".
Bu gün, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Qarabağ münaqişəsinin yeni mərhələsi üçün Rusiyanın təklifləri nədir?" mövzusunda keçirilən tədbirdə rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov belə deyib.
Onun sözlərinə görə, Rusiyada hamı çox gözəl anlayır ki, Ukraynada olan ssenari indi Ermənistanda yaşanır: "Bu ssenarinin əsas məqsədi Rusiyanı yeni müharibəyə qatmaqdır. Elə Ermənistan rəhbərliyinin də çoxdankı arzusu regionda müharibə yaradıb Azərbaycanı bura qatmaqdır".
"Bu ssenariyə görə, Rusiya Ermənistana kömək edən zaman buraya Türkiyə də qatılacaq. Amma bu fikirlər fiaskoya uğrayır" — Kuznetsov bildirib.
"Rusiya Ermənistanın Avropaya inteqrasiyasına qarşı əlindən gələni etdi, lakin bunun qarşısını ala bilmədi" deyən politoloqun fikrincə, Ermənistan öz məqsədlərini həyata keçirə bilməyəcək.
"Çünki Rusiya və Türkiyənin münasibətləri artıq yaxşılaşıb. Hər iki ölkənin liderləri gərginliklərdən sonra artıq dostlaşıblar" — tarixçi diqqətə çatdırıb.
Onun sözlərinə görə, Rusiya görür ki, Türkiyədə Amerika və Avropaya yönəlmiş lobbiçilik yoxdur: "Məhz buna görə, Ermənistanın aranı qataraq Türkiyəni Rusiya ilə müharibəyə qatmaq istəyi həyata keçməyəcək. Bu məqsəd fiaskoya uğrayır".