BAKI, 28 noyabr — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Prezidentinin 2017-ci il 7 iyul tarixli Sərəncamı ilə əsaslı təmir olunan 60 kilometrlik yolun 19,6 kilometrlik hissəsi istismara hazırdır. 15 yaşayış məntəqəsini birləşdirən bu yolda 41 min sakinin rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.
Dövlət başçısına məlumat verilib ki, hər birinin eni 3 metr olan ikizolaqlı bu avtomobil yolu 4-cü texniki dərəcəlidir. Bildirildi ki, yolun bütün infrastrukturu müasir tələblər səviyyəsində qurulub. Lazımi yerlərdə təhlükəsizlik dirəkləri basdırılıb, yol nişanları, göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib, suötürücü borular salınıb.
Sabirabadda yenidən qurulan bu yol dövlətin öz vətəndaşlarının firavanlığına və rahatlığına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür.
Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.