BAKI, 28 noyabr — Sputnik. Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikası vətəndaşı Nihat Odabaşının Heydər Əliyev Beynəlxalq Aeroportundakı gömrük nəzarəti zonasında uzun müddət saxlanılması, əşyalarının qanunsuz yoxlanılmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Türkiyə Respublikası vətəndaşı Nihat Odabaşıya məxsus çamadanlarda geyim əşyalarının sayının çox olması ilə əlaqədar beynəlxalq təcrübəyə əsasən tətbiq edilən gömrük nəzarət qaydalarına görə həmin çamadanların yenidən yoxlanılması zərurəti yaranıb.
Bu barədə Nihat Odabaşıya məlumat verilib və şifahi sorğu-sual zamanı həmin şəxs işgüzar səfərlə əlaqədar geyim əşyaları gətirdiyini və səfəri başa çatdıqdan sonra həmin geyim əşyalarını özü ilə geriyə aparacağını bildirib. Bu halda ona gömrükçülər tərəfindən qanunvericiliyin tələbləri izah olunub və həmin geyim əşyalarını Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmək üçün "müvəqqəti idxal bəyannaməsi"nin tərtib olunaraq gömrük orqanına təqdim edilməsinin zəruriliyi barədə məlumat verilib.
Qonaq gömrükçülərin qanuni tələblərinə hörmətlə yanaşaraq qanunvericiliyin tələblərini yerinə yetirib və 20-25 dəqiqə ərzində gömrük zonasını tərk edib.
Ancaq yenə də bir sıra kütləvi informasiya vasitələri Dövlət Gömrük Komitəsi tərəfindən dəfələrlə xahiş, tövsiyə, tələb və xəbərdarlıq edilməsinə baxmayaraq heç bir əsas və ya fakt olmadan ölkənin strateji dövlət qurumlarından biri və onun əməkdaşlarının fəaliyyəti barədə qarşı tərəfin rəsmi mövqeyini öyrənmədən həqiqətə uyğun olmayan məlumatlar yayıblar.
Dövlət Gömrük Komitəsi bir daha media qurumları və onların əməkdaşlarına komitənin fəaliyyətinə aid məlumatları rəsmi mövqe öyrənməklə yayımlamağı tövsiyə edir.