BAKI, 28 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 298 qida zəhərlənməsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. O bildirib ki, zəhərlənmə hadisələri zamanı 506 nəfər zərər çəkib: " 10 ay ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib".
Kazımovun sözlərinə görə, qida zəhərlənmələri məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.
Xatırladaq ki, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeydə alınan 547 qida zəhərlənməsi nəticəsində 817 nəfər zərər çəkmişdi. Ötən ilin 10 ayı ərzində 30 botulizm hadisəsi nəticəsində 37 zəhərlənmə qeydə alınıb, 1 nəfər dünyasını dəyişib.