BAKI, 27 noyabr — Sputnik. İnsan da daxil olmaqla yer üzündəki bütün canlılar kosmik tozların qarışığından törəyib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu iddianı ortaya atanlar Şotlandiyanın Edinburq Universitetinin alimləridir.
Şotland elm adamlarına görə, fəzada sürətlə hərəkət edən toz dənəcikləri özləri ilə yer kürəsinə canlı mikroorqanizmlər gətirib. Həyat da məhz bu prosesin nəticəsində yaranmağa başlayıb.
Alimlər iddia edirlər ki, fəzadakı canlı mikroorqanizmlər tək bizim planetə yox, digər planetlərdəki toz dənəciklərinin təsiri ilə oralara da gedib. Yəni canlı həyat digər planetlərdə də mövcud ola bilər.
Bundan öncə isə elm adamları hesab edirdilər ki, bir planetdən digər planetə canlı mikroorqanizmləri ancaq asteroitlər daşıya bilər.