BAKI, 27 noyabr — Sputnik. 1940-cı il noyabrın 27-də məşhur döyüş ustası və aktyor Brüs Li anadan olub (1940-1973).
Sağ ayağı anadangəlmə qısa olan Brüs Li küçə davalarından birində döyüləndən sonra Kunq-fu döyüş sənəti ilə maraqlanmağa başlayır. O, təlimlərdə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir.
ABŞ-a köçdükdən sonra 1967-ci ildə özünümüdafiə texnikalarına əsaslanan Cit Kun Do adlı döyüş sistemi yaradır. Məşhur idmançı və aktyorun ölümü bir çoxları üçün hələ də müəmma olaraq qalır. Belə ki, Brüs Li baş rolda çəkildiyi "Ölüm oyunu" adlı film üzərində işləyərkən başağrısı səbəbindən aspirin qarışığı olan preparat qəbul edir. Dincəlmək üçün yatağa uzanır və bir daha ayılmır.