BAKI, 27 noyabr — Sputnik. Amerikanın qara dərili küçə musiqiçisi Boston küçələrində saksafonda Azərbaycan himnini ifa edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Amerikada yaşayan saksafonçu hər gün himnlərini ifa edə bildiyi dünyanın müxtəlif ölkələrinin bayraqlarının yer aldığı stendin qarşısında dayanaraq çıxış edir.
Şahidlərin sözlərinə görə, o, ona yaxınlaşıb öz ölkəsinin himninin ifasını xahiş edən şəxsin arzusunu yerinə yetirir. Musiqiçi ona yaxınlarıb Azərbaycanın dövlət himnindən bir parça ifa etməyi xahiş edən azərbaycanlıların da sözünü yerə salmayıb. Onun ifası sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Qeyd edək ki, küçə musiqiçiləri küçələrdə, metro çıxışlarında, keçidlərdə və s. müəyyən alətlərdə ifa edən və ya mahnı oxuyan şəxslərə deyirlər. Bunu bəzən zövq üçün, bəzənsə pul üçün edirlər. Bir sıra ölkə və şəhərlərdə küçə ifaçılığı leqallaşdırılıb, amma bəzilərində buna icazə verilmir. Dünyanın Nyu York, Berlin, Moskva və s. kimi bir çox iri şəhərlərində küçə musiqiçilərinin müntəzəm olaraq çıxış etmələri üçün xüsusi yerlər ayrılıb. Son zamanlar incəsənətin bu növü Azərbaycanda da populyarlaşmağa başlayıb.