BAKI, 26 noyabr — Sputnik. İsrail səhiyyə naziri Yaakov Litzman istefa verib.
APA-nın məlumatına əsasən, Litzman şənbə günü – yəhudi ənənəsinə görə şabat adlandırılan və bir çox sahələrdə işləməyin qadağan edildiyi gün dəmir yollarında təmir işlərinin aparılmasına icazə verilməsi ilə əlaqədar istefa verib.
Bununla belə, Litzmanın rəhbəri olduğu “Yahadut Ya Tora” Partiyası hakim koalisiyadan çıxmayacaq və növbədənkənar seçkilərin keçirilməsi təhlükəsi yaranmayacaq.
Qeyd edək ki, baş nazir Binyamin Netanyahunun partiyasının hazırda Knessetdə 60 deputatı var, parlament çoxluğunu əldə etmək üçün isə 61 deputata ehtiyac var. Litzmanın rəhbəri olduğu partiya isə parlamentdə 6 yerə malikdir.