Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 18 noyabr — Sputnik. Ağdamın cəbhə xəttinə yaxın yerləşən Çəmənli kəndində yaşayan, 1932-ci il təvəllüdlü Kamal baba ilə, 1936-cı il təvəllüdlü Sərfinaz nənə, yaxın günlərdə brilyant toylarını qeyd etməyə hazırlaşır. Sputnik Azərbaycan-ın bölgə müxbiri əlamətdar gün ərəfəsində bu uzunömürlü ailənin qonağı olub.
81 yaşlı Sərfinaz nənə 60 il əvvəl soyadını dəyişərək Kamal babanın soyadını — Əhmədovanı qəbul edib. O vaxt 25 yaşında bığıburma gənc olan Kamal baba, dövrünə görə gec evləndiyini deyir. Səbəb isə, dövrünün cavanları kimi ata-anasının seçdiyi qızla evlənmək istəməməsi olub. Gənc Kamal bir yastığa baş qoyacağı qızı özü seçmək istəyib.
Deyir ki, əslində o dövrdə gənclərin bir-biri ilə görüşüb söhbət eləməsi kənd yerində ayıb hesab olunurmuş. Bunu heç kim ağlına belə, gətirə bilməzdi. Amma o, həmyaşıdlarından fərqlənib. Gənc Kamal sevdiyi qıza özü evlənmək təklifi edib.
"Yaxınlaşdım, dedim, "mənə gələrsən?". Cavab verməyə utandı. Sonra nənəsi ilə sifariş göndərdim. Hələ özüm də getdim onlara. Gecəni də qaldım onlarda. Atamdan xəlvət gedirdim. Sonra atama dedim, atam getdi onlara. Əmisi vardı, yaxşı kişi idi, atam ona dedi ki, uşaqlar evlənmək istəyirlər. Cavab verdi ki, "bir qız bir oğlanındır". Beləcə evliliyimiz baş tutdu" — deyir Kamal Əhmədov.
60 ildir Kamal babaya ömür-gün yoldaşı olan, 7 övlad dünyaya gətirən Sərfinaz nənə isə deyir ki, keçmişdə ailə bağları daha mökəm olub: "Ailə üzvlərimizin sayının çox olmasına baxmayaraq, bizim zamanımızda ər-arvad arasında mübahisə baş verməzdi. Evdə həmişə kişinin söz keçərdi".
Yaşı səksəni haqlayan Sərfinaz nənədən necə evlənmək təklifi aldığını soruşanda yenə utanır: "O günlər keçdi, keçmişdə qaldı. Məni utandırma. Bir-birimizi istədik və evləndik. Yeddi övlad böyütmüşük, evləndirmişik, ev almışıq. O vaxt biz gəlin gələndə utandığımızdan qaynata ilə bir il danışmırdıq. İndi zəmanə dəyişib".
Kamal baba 17 il fermada baş çoban işləyib. İşi ilə əlaqədar il ərzində arandan yaylağa, yaylaqdan arana köç edib. Amma bir gün də olsun həyat yoldaşından ayrı qalmayıb. Deyir kişi evin dirəyidir, amma yuvanı dişi quş qurar. Ona görə hara getsə, Sərfinaz nənəni də, övladlarını da özü ilə birlikdə aparıb.
İndi ahıl cütlüyün 14 nəvəsi, 5 nəticəsi var. Övladlarından yalnız biri onlarla brlikdə yaşayır. Digərləri isə, mütləq bayramlarda və ya əlamətlar günlərdə yenə ata ocağına baş çəkirlər.
Uzunömürlü evliliklərinin əsas səbəbini bir-birilərinə qarşılıqlı hörmətdə görən cütlük deyir ki, bütün ailələrdə olduğu kimi, onların da evliliyi mübahisəsiz ötüşməyib. Amma müəyyən çərçivədə aradakı hörməti, pərdəni götürmədən.
Kamal baba "birimiz od olanda, birimiz su olmuşuq" desə də, Sərfinaz nənənin "qırımından" başa düşmək olur ki, su olan hər zaman o olub. Kamal baba da həyat yoldaşını bu xasiyyətinə görə çox sevdiyini deyir. İndi də bu ailədə hörmət, qayğı, sevgi həm ailə böyükləri, həm digər ailə üzvlərini bir-birinə bağlayan əsas amildir.