BAKI, 24 noyabr — Sputnik. Azərbaycanlı qadınlar türkiyəli həmcinsləri ilə əlbir olaraq, Ukraynada Türkiyə vətəndaşını vəhşicəsinə qətlə yetiriblər. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Öldürülən Sinan Ünalın anası Gülseli Ünalın sözlərinə görə, oğlu Ukraynaya istirahət etmək üçün gedibmiş: "Oğlum Talha adlı tələbənin evində qalırdı. Noyabrın 15-i gecə saatlarından sonra oğlumla əlaqə kəsildi. Telefonlarına zəng çatmırdı".
Polisin araşdırmaları zamanı məlum olub ki, Sinan Ünal aldadılaraq meşəyə aparılıb və orada yuxu dərmanı ilə yatızdırılıb. Bu hadisədə 2 azərbaycanlı və 3 türkiyəli qadın iştirak edib.
Onların məqsədi S. Ünalı yatızdıraraq pullarını oğurlamaq olub. Lakin Ünal oyanıb. Bunu görən soyğunçular əllərində olan taxta parçaları ilə oğlanın ayaqlarını sındırıblar. Daha sonra Ünalın başına zərbələr endirərək qətlə yetiriblər.
Cinayətkarlar hədəfi yayındırmaq üçün hadisə yerinə satanistlərin işarələrini qoyublar. Lakin polisin uğurlu əməliyyatı nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qadınlar yaxalanıblar.