BAKI, 23 noyabr — Sputnik. Dünən günorta saatlarında Gürcüstanın paytaxtı Tbilisidə antiterror əməliyyatı keçirilib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, əməliyyat zamanı öldürülən şəxslər arasında İstanbul Atatürk Beynəlxalq Hava Limanında törədilən terror aktının təşkilatçılarından biri də olub.
Həmin şəxs, "Tək qol" ləqəbli terrorçu Əhməd Receboviç Çatayevdir. Məlumata görə, Çatayev 2012-ci ildən İŞİD terror qruplaşmasının başçılarından olan Ömər Şişani ilə birlikdə fəaliyət göstərib. O, ötən gün Tbilisidə məhv edilib.
Xatırladaq ki, 2016-cı il iyunun 28-də İstanbulun Atatürk Beynəlxalq Hava Limanında 3 kamikadze terror aktı törədib. Partlayış zamanı 47 nəfər ölüb, 250-yə yaxın insan yaralanıb.