İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 23 noyabr — Sputnik. Qəbələ rayonunun dağlıq və dağətəyi ərazilərinə qar yagıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 22-dən 23-nə keçən gecə Qəbələnin ucqar kəndlərinə, eləcə də yüksək dağlıq ərazilərə qar yağıb.
Bu gün səhər saatlarında yenidən yağmağa başlayan qarın hündürlüyü, bəzi yerlərdə 40 sm-ə çatır.
İlk qarın yagması rayon sakinləri sevindirsə də, müəyyən problemlər də meydana çıxarıb. Belə ki, ucqar kəndlərdə yaşayan insanlar hazırlıqsız yaxalanıblar.
Yağan güclü qar bəzi yerlərə ziyansız ötüşməyib. Rayonun Laza və Durca kəndlərinə gediş-gəlişdə problemlər yaranıb.
Hazırda ərazidə "Azəravtoyol" ASC-nin Qəbələ rayonu 10 saylı Yol İstismar İdarəsinin (Yİİ) texnikaları yolların qardan təmizlənməsi işi aparır. Yİİ-nin direktoru Naməddin Qədirov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, yaxın saatlarda kənd yolları tam şəkildə qardan təmizlənəcək və kəndlərlə əlaqə bərpa olunacaq.